Yuxarı

Bakı Formula 1-ə hazırdır - FOTOREPORTAJ

Avropa Qran Prisi 17-19 iyunda keçiriləcək

Bakı. 13 iyun. REPORT.AZ/ Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinə bir neçə gün qalmış son hazırlıq işləri görülür.

"Report"un məlumatına görə, tribunalar quraşdırılıb, pit-stop və paddok əraziləri də hazır vəziyyətə gətirilir.

Bakı Şəhər Halqasının yarış obyektinin tikintisi üzrə rəhbəri Tomas Butçer jurnalistlərə açıqlamasında komanda və heyətlərlə bağlı işlərin formalaşdığını, yol kənarındakı işlərin tamamlanmalı olduğu, buna görə halqanın əhatə etdiyi yolların bu gecədən etibarən bağlanacağını söyləyib: "87 47 nömrəli maşın Formula 1-də iştirak edəcək maşınları buraya gətirəcək. Bəzi heyətlər artıq Bakıdadır. Trekin özü maraqlı şəkildədir. Ümumiyyətlə hazırlıqlarla bağlı deyə bilərəm ki, məqsədə uyğun, zamana tam şəkildə riayət etməklə işimizi tamamlayırıq. Sabahdan sonra hazırlığımız tam olacaq. Şəhərə gələnlər gözlədiklərindən də artıq bir şəraitlə üzləşdiklərini bildiriblər. Zənnimcə, Bakı bütün dünyaya öz hazırlığını göstərmək bacarığındadır. Görək dünya Bakının ona təklif etdiyini qəbul etməyə hazırdır, ya yox..."

Yarışı izləmək istəyən tamaşaçılar üçün ayrılan sektorlar da artıq hazır vəziyyətə gətirilib. Trass boyu 9 əsas müvəqqəti tribuna tamaşaçıların ixtiyarına veriləcək. Pit-stopun qarşısında yerləşən 5 mərtəbəli tribuna əsas tribuna hesab olunur. Burada tamaşaçılar üçün 5 000 oturacaq nəzərdə tutulub. Üstəlik, yarışı izləmək istəyən əlil tamaşaçılara 24 yer ayrılıb.

T.Butçer trasın daha bir neçə nöqtəsində tribunaların hazır vəziyyətə gətirildiyini söyləyib: "İkinci tribuna 10-12 döngələr arasındadır və 2000 azarkeş üçün nəzərdə tutulub. Digəri 16-cı döngədə yerləşir. Burada təxminən 600 və 2000 nəfərlik tribunalar var. Maşınlar böyük tribunanın yerləşdiyi döngədən çıxdıqdan sonra yüksək sürət toplamağa başlayırlar. Sonra Qız Qalası və Kukla teatrının yanında tribunalar var. Teatrın yanındakı tribuna təxminən 1000 nəfərlikdir. Lenin sarayının yanında bir neçə tribuna var. Onlardan biri sürücülərin sağına, ikisi isə sol tərəfinə düşür. Hər bir tribunada monitorlar quraşdırılıb. Bu da oraya toplaşanların yolun digər hissələrində olan mübarizəni görməyə imkan verir".

Yarış obyektinin tikinti üzrə rəhbəri ümumilikdə 15 000 tamaşaçı üçün oturacağın və azarkeşlərin yarışı ayaqüstü izləmək imkanlarının da olduğunu bildirib.

Qeyd edək ki, Avropa Qran Prisi 17-19 iyunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi