Yuxarı

Nazir: "Neft-qaz hasilatını genişləndirmək istəyən Pakistan bu sahədə lider dövlət olan Azərbaycanın yardımına ehtiyac duyur"

Ziyafət Əsgərov Pakistan nümayəndə heyətini qəbul etdi

Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda səfərdə olan Pakistan İslam Respublikasının Xeybər Paxtunxva Əyalət Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

MM-dən “Report”a verilən məlumata görə, Pakistan Senatı və Milli Assambleyası ilə yaxşı əlaqələrinin olduğunu deyən I vitse-spiker bildirib ki, dövlətlər arasında dostluq və qardaşlıq münasibətləri var. Azərbaycan dövləti bu münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Z.Əsgərov qeyd edib ki, Pakistan dövləti hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Xeybər Paxtunxva Əyalət Assambleyasının sədri Müştaq Əhməd Qani Azərbaycanın müstəqilliyi dövründə inkişaf edən əlaqələrdən, Heydər Əliyev Fondunun Pakistandakı xeyriyyəçilik tədbirlərindən danışıb. O, ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın inkişafında yüksək nəticələr əldə olunduğunu vurğulayıb, iki ölkə arasında əlaqələri genişləndirməyin yaxşı perspektivləri olduğunu diqqətə çatdırıb.

Qonaq Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyinə tərəfdar çıxdıqlarını, 2012-ci ildə Pakistan parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etdiklərini xüsusi qeyd edib. O, Pakistanın Kəşmir problemi barədə danışıb və bu məsələnin sülh yolu ilə həllinə tərəfdar olduqlarını, sülh şəraitində yaşamaq istədiklərini bildirib.

Xeybər Paxtunxva Əyalətinin informasiya naziri Şövkət Əli Yusafzai qeyd edib ki, Azərbaycana gələn nümayəndə heyətinin tərkibində ticarət və biznes təmsilçiləri də var: “Ölkələrimiz humanitar, mədəni, hərbi, turizm sahələrində olduğu kimi bu sahələrdə də yaxşı əməkdaşlıq edə bilər. İnvestorlarımız Azərbaycana sərmayə yatırmaq istəyirlər. Neft-qaz hasilatını genişləndirmək niyyətində olan Pakistan bu sahədə lider dövlət olan Azərbaycanın yardımına ehtiyac duyur. Enerji sahəsində əməkdaşlıq qarşılıqlı faydalı olar”.

Görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, 1995-2005-ci illərdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik etmiş Eldar İbrahimov həmin 10 il ərzində görülən işlərdən, ikitərəfli rəsmi səfərlərdən, əməkdaşlığın inkişafı baxımından nail olunan nəticələrdən danışıb.

Görüşdə Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand də iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi