Deputat Zahid Oruc bəyan edib ki, Şuşanın siyasi paytaxt statusunun bərpası tarixin ədalətin təntənəsi olacaq.
“Report” xəbər verir ki, bu barədə o, Milli Məclisin dekabrın 5-də keçirilən plenar iclasında deyib.
O bəyan edib ki, Azərbaycanın inzibati ərazi quruluşunda dəyişikliklər edilməsi Vətən müharibəsində parlaq Qələbənin nəticəsidir və xalqın təkcə ərazi bütövlüyü, siyasi suverenleiyini deyil, daxili idarəçiliyinin tamlaşması, uzun əzrlər boyu əcdadların yaşadığı ərazilərdə öz konstitusion haqlarını gerçəkləşdirməsi deməkdir.
“İndi tarixi ədalətin təntənəsindən danışarkən həm də son 200 ildə çarizm, Rusiya imperiyası və Sovetlər birliyi dövründə həyata keçirilən müxtəlif xarakterli inzibati-siyasi və idarəçilik dəyişikliklərilə baş verən demoqrafik və sosial-iqtisadi mənzərənin xalqımızın ziyanına formalaşdığını yada salmalıyıq. Ona görə də ümidvarıq ki, Ağdərə rayonun yaradılması ilə Qarabağ arealında verilən idarəçilik qərarları məhdudlanmayıb qalmayacaq, tarixən Şuşanın mühüm rolunu rəsmi qərarla yenidən geri qaytaracaqlar”, - Z.Oruc deyib.
Deputat qeyd edib ki, 1920-ci ildən sonra süni şəkildə Xankəndinin Qarabağın mərkəzinə çevrilməsi sonrakı antiazərbaycan hərəkatlarına təsirsiz qalmadı, nəhayət 90-cı illərdə proses özünün məntiqi sonuna çatdı.
“Ona görə də Şuşa tarixən mədəni, iqtisadi əhəmiyyətinə görə regionda tutduğu əhəmiyətli yeri və birincilik statusu prezident İlham Əliyev tərəfindən imzalanan strateji bəyənnamə, dövlət başçılarının orada qarşılanması Şuşanın siyasi paytaxt rolunun da yaxın gələcəkdə rəsmiləşdirləcəyinə inam verir”.