Türk dövlətlərində tibb işçilərinin iqlim dəyişmələrinə hazırlıq səviyyəsi yüksəldilməlidir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov parlamentdə keçirilən "İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri" mövzusuna həsr edilmiş TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələri yalnız ekoloji təhlükə deyil:
"Bu proses həyatımızın bütün sahələrinə təsir göstərən hadisə və hamımız üçün bir çağırışdır. Orta temperatur göstəricilərinin artması, ekstremal hava şəraiti, quraqlıq, daşqınlar və meşə yanğınlarının artması insanların sağlamlığına birbaşa təsir göstərən amillərdir".
Komissiya sədri bildirib ki, ətraf mühitin çirklənməsinin təsirindən yaranan tənəffüs sistemi xəstəlikləri, yolxucu xəstəliklər, ürək-damar xəstəlikləri və digər xəstəliklər, xüsusilə uşaqlar və yaşlılar üçün daha təhlükəlidir:
"Türk dövlətlərinin səhiyyə sistemləri ənənəvi problemlərlə yanaşı, iqlim dəyişmələrinin təsirlərinə də uyğunlaşmaq məcburiyyətindədir. Mövcud problemlərlə bağlı risklər nəzərə alınaraq adaptasiya planları hazırlanmalı, ekstremal şəraitdə tibbi infrastrukturun davamlılığı artırılmalı, tibb işçilərinin iqlim dəyişmələrinə hazırlıq səviyyəsi yüksəldilməlidir".
Ə.Əmiraslanov vurğulayıb ki, karbon dioksidin azaldılması sahəsində ekoloji standartların sərtləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və “yaşıl texnologiyalar"ın tətbiqi böyük əhəmiyyət kəsb edir:
"Türk dövlətləri iqlim dəyişmələrinə dair təcrübə mübadiləsi apara, problemin insan sağlamlığına təsirini öyrənmək üçün ortaq tədqiqatlar həyata keçirə, qanunvericiliyin uyğunlaşdırılması üzrə ümumi tövsiyələr və işçi qrupların yaradılması ilə uzunmüddətli strategiyalar hazırlaya bilər".