"Fransa bilməlidir ki, bu gün qarşılarında fərqli Azərbaycan var".
“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
"Hər zaman Fransanın Azərbaycana qarşı ikili standartlarla, subyektiv yanaşmalarla ağlasığmaz iddialarla çıxış etdiyini müşahidə edirik. Onlar bilməlidirlər ki, bu gün artıq qarşılarında fərqli Azərbaycan var", - o, vurğulayıb.
Komitə sədri bildirib ki, işğalda olan torpaqlarını azad etmiş, ərazi bütövlüyünü bərpa etmiş, güclü təsiri olan və dünya üçün lazımlı Azərbaycan var:
“Bu gün Azərbaycanla mübarizə aparan Fransa bilməlidir ki, sözümüzü deyəcəyik, mübarizə aparacağıq, qeyri-qanuni addımlara uca səsimizi qaldıracağıq”.
“Heç kimin ixtiyarı yoxdur ki, ümumbəşəri dəyərləri özəlləşdirib demokratiya haqqında söhbət aparsın. Təəssüf ki, Azərbaycana bu isitiqamətdə dırnaqarası dərs demək istəyən Fransa öz içərisində bu dəyərləri pozub. Nəinki pozub, elementar insan haqları, demokratik normaların, eləcə də qanunun bütün hədlərini aşan Fransa bu gün Korsikada insanlığa qarşı siyasət aparır. Günahsız insanları silah gücünə həbslərdə öldürür, ağlasığmaz işgəncələr verir” – S.Seyidov bildirib.