Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 15-də Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri Naser Burita ilə görüşüb.
"Report" xəbər verir ki, nazir Naser Burita Azərbaycanın Mərakeş üçün qardaş ölkə olduğunu söyləyərək, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, həm Mərakeş, həm də Azərbaycan öz regionlarının mühüm aktorlarıdır və Mərakeş Azərbaycanı regionda mühüm tərəfdaş kimi görür.
Görüşdə ölkələrimizin ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birinə qarşılıqlı dəstək verdiyi qeyd edilib. Nazir Naser Burita Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi münasibətilə təbriklərini çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova xalqlarımızın oxşar dəyərləri bölüşdüyünü qeyd edərək, Azərbaycan və Mərakeşin qardaş ölkələr olması fikrini təsdiqləyib və bu qardaşlığın hərtərəfli tərəfdaşlığa doğru inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir Naser Burita deyib ki, gələn il Ulu Öndər Heydər Əliyevin Mərakeş Krallığına səfəri və Mərakeş Kralı mərhum II Həsənlə görüşünün 30-cu ildönümü tamam olur. O, bu əlamətdar tarixi hadisə ilə əlaqədar Azərbaycan-Mərakeş əlaqələrini gücləndirmək, münasibətlərimizi qardaşlıqdan tərəfdaşlığa çevirmək niyyətini ifadə edib.
Görüşdə Nazir Naser Burita Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edib. Spiker Sahibə Qafarova isə ölkəmizin Hərəkatın sədri kimi qlobal təşəbbüsləri haqqında məlumat verib. O, Mərakeş parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində fəal iştirakını vurğulayıb.