Karbon qazının azaldılması və "yaşıl enerji"nin inkişafı istiqamətində səylər artırılmalıdır.
“Report”un xəbərinə görə, bu barədə Qətər parlamentinin sədr müavini Hamda Hassan Al-Sulaiti fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, regionun bir çox ölkəsi 2030-cu ilə qədər qarşıya qoyulmuş 17 arzulanan məqsədə çatmaqda çətinlik çəkir, Asiya Davamlı İnkişaf Məqsədlərinə həmin dövrə qədər nail ola bilməyəcək: "2030-cu ilə qədər inkişaf hədəflərinin yalnız 11 faizi reallaşacaq. Su, artan işsizlik problemləri, sənaye durğunluğu var. Təmiz enerjinin təmin edilməsi sahəsində əməkdaşlıq etməliyik. Karbon qazının azaldılması və "yaşıl enerji"nin inkişafı istiqamətində səylər artırılmalıdır. Azad bazar yaratmaq üçün regional saziş imzalanmalıdır. Ümumilikdə, 2030-cu ilə qədər məqsədlərə nail olmaq üçün işlər mütləq gücləndirilməli və xüsusi mexanizmlər hazırlanmalıdır”.
Vitse-spiker Qəzza zolağındakı gərginliyə də diqqət çəkib: “Burada 10 min nəfər civarında insan həyatını itirib, onların arasında qadın və uşaqlar da var. Bu baxımdan, Qəzzadakı insanlara humanitar yardımları artırmalıyıq”.