Yuxarı

Elmira Süleymanova: “Əhaliyə pulsuz verilən dərmanların siyahısı genişləndirilməlidir”

Bakı. 27 fevral. REPORT.AZ/ “Dövlət hesabına dərman preparatları ilə təmin edilən, imtiyazlı qruplardan olan vətəndaşların şikayəti müvafiq xəstəliyin müalicəsi üzrə dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmamasıdır. Odur ki, tələbata müvafiq olaraq, hepatit, şəkərli diabet, hemofiliya və talassemiya xəstələri də xüsusi nəzərə alınaraq, “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nda dövriyyədən çıxarılmışların yeni tövsiyə edilən dərmanlarla əvəz olunması zəruridir”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2018-ci il üzrə illik məruzəsində bildirilib.

Sənəddə qeyd olunub ki, vərəm, hepatit, xərçəng və başqa xəstəliklərin, əqli pozuntuların baş verməsinə, işləmək və nəsilartırma qabiliyyətinin itirilməsinə səbəb olan narkomaniyaya, habelə virus xəstəliklərinə yoluxma ehtimalını artıran İİV/QİÇS, alkoqolizmə, toksikomaniyaya və tütün çəkməyə qarşı mübarizə gücləndirilməlidir.

Ombudsmanın məruzəsində vurğulanıb ki, təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil edilən “B” və “C” hepatit xəstəliyinin müalicəsinin təşkili məqsədilə daxil olan müraciətlər Səhiyyə Nazirliyinin bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə kommisiyaya göndərilib, həmin şəxslər müalicəyə cəlb edilib: “Belə xəstələrin dərman preparatları ilə təmin olunması üçün müvafiq siyahısının genişləndirilməsi məqsədəuyğundur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi