“Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar”.
“Report” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin II oxunuşda müzakirəsində deyib.
“Azərbaycanda şəxsi istifadə üçün ölkəyə dərman gətirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur”, - nazir müavini vurğulayıb.
O qeyd edib ki, fiziki şəxsin öz şəxsi istifadəsi üçün dərman gətirməsi üçün lazımi şərait yaradılıb:
“Əgər hər hansı bir şəxs Azərbaycanda müalicə alırsa, öz müalicəsi üçün zəruri dərman vasitələrini xaricdən gətirə bilər. Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar. Həmin dərmanların keyfiyyətinə zəmanət verilmir.
Şəxsi istifadə üçün gətirilən dərmanların apteklərdə satılması hallarına qarşı aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət tədbirləri görüləcək”.
Spiker Sahibə Qafarova nazir müavininə həmin nəzarət tədbirlərinin nəticəsi ilə bağlı sonradan onlara da məlumat verilməsini xahiş edib.