Yuxarı

Müəssisələrdə I qrup əlillər üçün xüsusi iş yerlərinin yaradılması təklif edilir

Bakı. 7 fevral. REPORT.AZ/ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev komitənin bugün keçirilən iclasında I qrup əlillər üçün xüsusi iş yerlərinin yaradılmasını təklif edib.

“Report”un xəbərinə görə, M.Quliyev yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, əlillərin iş problemi diqqətdə saxlanılmalıdır. 

O, bununla bağlı təkliflərini irəli sürüb: “Bunun üçün 1992-ci ildə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanundakı kimi, əlillər üçün ayrıca məşğulluq kvotası ayrılmalıdır. Ya da əlillər üçün xüsusi yaradılmış iş yerləri kvotası məsələsini müzakirə etməliyik. Sahibkarlar I qrup əlillər üçün müəssisədə xüsusi iş yerləri yaratmalıdır. Məsələn, 100 iş yerindən 20-ni I qrup əlillər üçün ayırsınlar".

Deputat Qarabağ müharibəsində əlil olan şəxslərin fərqləndirilməsinin tərəfdarı olduğunu qeyd edib: “Azərbaycan müharibə şəraitində yaşayır. Bu müharibəni qələbə ilə başa vuracağıq. Müharibədə əlil olan şəxslərin üstün hüquqları olmalıdır və qanunvericiklikdə əksini tapmalıdır. Hesab edirəm ki, bu qanunda Azərbaycanın müdafiəsi uğrunda əlil olan şəxslərin üstün hüquqlarının olması barədə bir müddəa qeyd olmalıdır. Onlara ev, maşın, pensiya artıq verilməlidir”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov isə deyib ki, kvotanın ayrılması məsələsi qanunvericilikdə əksini tapıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi