Yuxarı

Parlament “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edib

© Report

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisi (MM) “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edib.

“Report” xəbər verir ki, layihə parlamentin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri artırılıb.

Qanunun 4-cü (Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri) maddəsinə edilən əlavədə nəzərdə tutulub:

1.Aztəminatlı gənc ailələrin sosial müdafiəsi,

2.Gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi,

3.Gənclərin sosial-iqtisadi və mədəni inkişafı üçün tədbirlərin həyata keçirilməsi,

4.Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi,

5.Gənclər arasında könüllülük fəaliyyətinin təşviqi,

6.Gənclər arasında hər növ ekstremizmin və radikalizmin qarşısının alınması,

7.Gənclərin fərdi inkişafı üçün qeyri-formal və informal təhsilalma imkanlarının yaradılması,

8.Gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə, insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarətin təmin edilməsi.

Dəyişiklə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsində hansı xidmətlərin göstərilməsi müəyyənləşib

Qanunun 5-ci (Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı) maddəsinə edilən əlavəyə əsasən, “Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupundan olan gəncələrə aşağıdakı xidmətlər göstəriləcək:

1. Risk qrupundan olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi,

2. Risk qrupundan olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına köməklik göstərilməsi,

3. Risk qrupundan olan gənclər üçün sosial-psixoloji reabilitasiya kursunun təşkil edilməsi,

4. Cəzaçəkmə müəssisələrindən azad edilən sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə köməklik göstərilməsi,

5. Risk qrupundan olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi,

6. Risk qrupundan olan gənclərin sosial müdafiəsini və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi,

7. 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədilə bunlar qadağan edilir: Onlara tütün məmulatlarının, spirtli və bütün növ enerji içkilərinin satışı, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakı, gecə klublarında və barlarda olması.

Müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin, onların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunmasını təmin etmək məqsədilə “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edirlər.

Qanunun 13-cü (Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı) maddəsinə əsasən, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Dəyişikliyə əsasən isə bu müddət 10 il olub.

Sənədə edilən dəyişikliklə gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilib.

Qanuna əlavə edilən 9-1-ci (Gənclər təşkilatları) maddəsinə əsasən, gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi, həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədilə 16 yaşdan 35 yaşınadək olan fiziki şəxslər tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır.

Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir.

Gənclər təşkilatına üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi şərtləri və qaydası gənclər təşkilatının nizamnaməsi ilə müəyyən edilir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, Parlamentdə qanun layihəsi ikinci oxunuş üçün müzakirəyə çıxarılanda yaş məhdudiyyətinin gənclər təşkilatlarının təsisçilərinə tətbiq edilməsi təklif edilirdi. Lakin bu məsələ narazılığa səbəb olduğundan həmin hissə dəyişiklik layihəsindən çıxarılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi