Yuxarı

İordaniya parlamentinin üzvü: “Azərbaycan çox əzəmətli ölkədir”

Bakı. 22 sentyabr. REPORT.AZ/ Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İordaniya parlamentinin nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan parlamentinin 100 illik yubiley tədbirlərində fəal iştiraklarına görə qonaqlara təşəkkürünü bildirən Ziyafət Əsgərov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Dövlət başçıları İlham Əliyevlə Kral Abdulla arasındakı dostluq münasibətlərinin hər bir sahədə əlaqələrimizə böyuk örnək olduğu vurğulanıb.

Ziyafət Əsgərov Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə qonaqlara məlumat verib və bu sahədə Azərbaycanın mövqeyini, sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü dəstəklədiyinə görə İordaniya hökumətinə minnətdarlığını dilə gətirib.

Hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyətini yüksək dəyərləndirən Ziyafət Əsgərov millət vəkillərinin qarşılıqlı səfərlərindən, beynəlxalq təşkilatlarda əməkdaşlıqdan söz açıb. Bildirilib ki, İordaniya ilə iqtisadi, ticari, turizm, təhsil və səhiyyə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkənin böyük potensialı var.

İordaniya parlamenti nümayəndə heyətinin rəhbəri doktor Sevzi Davud Azərbaycan parlamentinin 100 illiyi münasibəti ilə Milli Məclisin rəhbərliyini, deputatları və xalqımızı təbrik edib. Müstəqilliyimizi bərpa etdikdən sonra keçən qısa vaxt ərzində əldə edilən uğurların, qazanılan nailiyyətlərin dost İordaniyanı çox sevindirdiyini deyən qonaq Azərbaycanı “çox əzəmətli ölkə” adlandırıb.

Parlamentlər səviyyəsində münasibətlərimizin dərinləşməsinin əhəmiyyətini dilə gətirən Sevzi Davud Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini, problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını deyib.

Görüşdə İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəriman Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi