Fəzail Ağamalı: “Yaxın vaxtlarda partiya sədrliyindən gedəcəyəm” - MÜSAHİBƏ

Fəzail Ağamalı: “Yaxın vaxtlarda partiya sədrliyindən gedəcəyəm” - MÜSAHİBƏ “Milli Məclisdə təmsil olunan müxalifət nümayəndəsi nə etməlidir, qışqırmalıdır, dava etməlidir?”
Milli Məclis
24 Oktyabr , 2018 13:30
Fəzail Ağamalı: “Yaxın vaxtlarda partiya sədrliyindən gedəcəyəm” - MÜSAHİBƏ
Report

Bakı. 24 oktyabr. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının “Report”a müsahibəsi

- Bir müddət əvvəl sağlamlığınızda problem yaranmışdı. Hazırda səhhətiniz necədir?

- Yaxşıyam, hər şey qaydasındadır. Hazırda özümü yaxşı hiss edirəm. Sağlamlığımda hər hansı bir problem yoxdur. Hər bir insanın həyatında bu və buna bənzər məqamlar olur. Əsas odur ki, Allahın vermiş olduğu ömrü düz yaşayasan. Allahın qisməti nədirsə, o da olur. Bir müddət öncə səhhətimdə müəyyən problemlər oldu. Şükür olsun, artıq bu, geridə qaldı. Çətin də olsa, hər şey keçmişdə qalıb.

- Müalicənizi davam etdirirsinizmi?

- Yox, müalicəmi bitirmişəm. Sadəcə, 10 ildən artıqdır ki, bir qayda olaraq hər il həkim müayinəsindən keçirəm.

- Bakıda müalicə olundunuz, yoxsa xarici ölkədə?

- Müalicəmin bir hissəsini Bakıda, bir hissəsini də xarici ölkələrdə aldım. Daha çox Türkiyədə müalicə olundum.

- Azərbaycan səhiyyəsinin durumunu necə qiymətləndirirsiniz?

- Bu, bir az problemli məsələdir. Təbii ki, Azərbaycan həkimləri böyük ənənələrə söykənirlər. Sovet dövründə həkimlərin aldığı təhsil, onlara tələb, münasibət fərqli idi. Həmin zaman kəsiyində Azərbaycan həkimləri kifayət qədər nüfuzlu, güclü idilər. O məktəb artıq bitib. Yəni, 30 ilə yaxındır ki, o məktəb Azərbaycanda yoxdur. Həkimə münasibət məsələsində iki mühüm amil var: texnologiya və avadanlıqların, texnologiyanın göstəricilərinə uyğun olaraq çıxarılan nəticə, diaqnoz, tətbiq edilən müalicə. Bu, xarici ölkələrdə daha güclüdür. Azərbaycanda əvvəlki nəsil həkimlər savadlıdırlar, lakin müasir texnologiyadan anlayışları zəifdir. Hazırki nəsil həkimlərin texnologiyadan anlayışları güclüdür, amma əvvəlki nəsil həkimlərə nisbətən diaqnoz qoymaq, düzgün nəticə çıxarmaq imkanları zəifdir. Köhnə həkimlər bir xəstəliyi iki-üç dərmanla müalicə edə bilirdilərsə, burada özlərinə əminlik də var idisə, hazırki həkimlər isə daha çox dərman yazmaqla məşğuldurlar. Yəni “Bu dərman kömək etməzsə, digəri kömək edəcək. O da etməzsə, başqa birisi kömək edəcək” prinsipi ilə hərəkət edirlər. Bu da təbii ki, müəyyən çətinliklər yaradır. Amma bunu da qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda peşəkar həkimlər yetişməkdədir. Azərbaycanda təhsil alaraq sonra Türkiyənin nüfuzlu universitetlərində təhsillərini təkmilləşdirən həkimlərimiz var. Azərbaycan həkimləri də bir neçə ildən sonra arzuladığımız səviyyədə olacaqlar. Bu da, təxminən, 10-15 il vaxt aparacaq.

- Müalicə ilə bərabər istirahət də etdiniz. Nələri təhlil etdiniz, hansı nəticələrə gəldiniz?

- Tam səmimi deyirəm, müalicə olunduğum dövrdə düşünürdüm ki, evə tez qayıdım, ailəmlə bərabər olum. Həmin dövrdə telefonlarımı qapatmışdım, demək olar ki, yalnız ailəmlə əlaqə saxlayırdım. Ən yaxşı halda lazım olan insanlarla yanımda olan övladlarım vasitəsilə əlaqə yaradırdım. Çalışıb həmişə ayaq üstə olmaq lazımdır. Təbii ki, səni istəyən dostlar, tanışlar narahat olurlar, maraqlanırlar. Bir şeyə əmin oldum ki, özünə dost bildiyin, taleyini, ömrünü bu dostluğa sərf etdiyin və bu sədaqəti, səmimiyyəti tam mənada olduğu kimi qəbul edib qiymətləndirən insanlar səni dar ayaqda tək qoymurlar. Bu, çox önəmlidir. Ona görə də həyatda düz yol tutmalısan, düz əqidə ilə fəaliyyət göstərməlisən, dövlətinə, xalqına təmənnasız xidmət etməlisən. Bu, nə dövlət, nə də xalq tərəfindən unudulur. Müalicə aldığım dövrdə bunu dərk etdim və bu, məndə qürur hissi yaratdı. Yaxşı ki, həyatımı bu cür qurmuşam, əqidəmə, məsləyimə sədaqətlə xidmət etmişəm.

- Milli Məclisdə ümumi istifadədə olan nəqliyyat vasitələrinin, xüsusilə avtobusların fəaliyyətinin nizamlanması üçün cəzaların tətbiq edilməsini, hətta sərtləşdirilməsini təklif etmişdiniz... Sizcə, cəzaların sərtləşdirilməsi effekt verirmi?

- Şübhəsiz ki, istənilən sahədə nöqsanların üzərinə gedilməlidir. Burada israrlı olmaq lazımdır. Deputatın işi nədən ibarətdir? Deputatın işi həm də gördüklərini, ona çatan informasiyaları təhlil edərək parlament tribunasından səsləndirməkdir. Bütün bunlar dövlət və dövlət başçısı tərəfindən izlənilir. Açıq demək lazımdır ki, Prezident İlham Əliyev ölkədəki proseslərin fövqündədir, şəxsən nəzarət edir. Müsbət haldır ki, ölkə Prezidenti həm vətəndaşların müraciətlərini, həm də kütləvi informasiya vasitələrində yayımlanan informasiyaları diqqətdə saxlayır. Prezident deputatların fikirlərinə də diqqətlə yanaşır, Prezident Administrasiyası bunları təhlil edir. Deputat bir məsələni qabardarkən şəxsi maraqlardan kənar çıxış etməlidir. Nazirlər Kabinetinin sonuncu iclasında Prezident İlham Əliyev çıxışında vətəndaşlara etdikləri müraciətlərə görə təşəkkürünü bildirdi. Dövlət başçısı vətəndaşları fəallığa çağırdı. Demokratik cəmiyyətin əsas prinsiplərindən biri də ictimai baxış sisteminin fəal olmasıdır. Belə olan halda dövlət orqanları da diqqətli olur və nəticə çıxarır.

Bakıda, eləcə də regionlarda ictimai nəqliyyatda, yəni avtobuslarda çox ciddi problemlər var. "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar isə istisnadır. Onlar yüksək səviyyədə xidmət göstərirlər, həmin avtobuslarda problem görməmişəm, xoşagəlməz informasiya almamışam. Sahibkarlara məxsus sərnişin avtobuslarında çox ciddi problemlər var. Bunlar aradan qaldırılmalıdır. Bakı Nəqliyyat Agentliyi bu sahəyə xüsusi diqqət yetirməlidir. Şirkət sahibləri köhnə avtobuslardan istifadə edir, aşağı xidmətlə daha çox pul qazanmağa çalışırlar, sürücülər ciddi yoxlamalardan keçirilmir, az maaşla işləyirlər. Ən önəmli məsələ isə sürücülərin yoxlanılmamasıdır, yəni bilmirlər ki, bu insanın alkaqola, narkotik maddələrə münasibəti necədir... Təəssüf hissi ilə qeyd edirəm ki, həkimlər də bəzi hallarda sürücüləri yoxlayarkən bunu formal həyata keçirirlər, pul alaraq tibbi arayış verirlər. Ona görə də nəzarət gücləndirilməli, cəzalar sərtləşdirilməlidir. Başqa problemlər də var. Metrostansiyalarının yaxınlığında avtobus dayanacaqlarına diqqət edin, avtobusları, taksiləri necə saxlayırlar? Hamısı dayanma-durma qaydalarını pozurlar. Düzdür, bir müddət əvvəl taksilərlə bağlı qaydalar qəbul olundu, müəyyən dərəcədə nəzarət gücləndirildi, amma buna baxmayaraq problemlər, özbaşınaqlıqlar qalmaqdadır. Yenə də yollarda 1-ci, 2-ci zolaqlarda avtomobilləri saxlayırlar, tıxaclar yaranır. Buna görə də sərt cəzalar tətbiq edilməlidir.

- Bir müddət öncə, Nəqliyyat Nazirliyi ləğv edildi, səlahiyyətlərinin bir hissəsi Bakı Nəqliyyat Agentliyinə verildi. Dəyişiklik hiss olunurmu?

- Müsbətə doğru heç bir dəyişiklik olmadı. Avtobus nəqliyyatı sistemində vəziyyət olduğu kimi qalır. Metrostansiyalarda da problemlər mövcuddur. Olmazmı ki, pik saatlarda qatarların intervalı 1-2 dəqiqə olsun? Bu qurum zərərlə işləmir axı... Əgər pula ehtiyac varsa, ölkə Prezidentinə, Nazirlər Kabinetinə müraciət etmək lazımdır. Əminəm ki, məsələ müzakirə edilib, həll olunar. Necə olur ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəisi təyin edildikdən sonra problemlərə son qoyuldu? Niyə "Bakı Metropoliteni"ndə problem olmalıdır? Baxın, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edildikdən sonra Bakı-Sumqayıt qatarı işə düşdü, burada xidmət yüksək səviyyədədir. Hazırda Bakı-Gəncə surət qatarı işə düşməlidir. Bu addımlar Cavid Qurbanov təyin edilməzdən öncə, əvvəlki rəhbərlik tərəfindən niyə atılmırdı?

- Demək istəyirsiniz ki, dövlət qurumlarında işin keyfiyyəti rəhbərdən asılıdır?

- Əlbəttə. Gərək vəzifəyə təyin olunan şəxs vətənpərvər, dövlətini sevən olsun, tamahkar olmasın. Problem bundadır. Düşünürəm ki, Bakıda tıxacların bir səbəbi də "Bakı Metropoliteni"nin yaratmış olduğu problemdir.

- Sizi başqa hansı problemlər narahat edir?

- Sizi, hər bir azərbaycanlını narahat edən problemlər məni də narahat edir. Prezident İlham Əliyev dövləti yüksək səviyyədə idarə edir, ölkənin beynəlxalq nüfuzu surətlə artır. Dünya İqtisadi Forumunun yeni metodologiya əsasında hazırladığı Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın dünya ölkələri arasında qabaqcıl mövqeyini qoruyub saxlaması böyük nailiyyətdir. Bu, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin və siyasəti reallaşdıran qurumun adı ilə bağlıdır. İstərdim ki, bu qurum ölkə Prezidentinin tapşırıqlarını necə yerinə yetirirsə, digər qurumlar da o şəkildə işləsinlər. Bəzən baxırsan, normal insandır, ünsiyyətcildir, savadlıdır. Ölkə Prezidenti də bunu qiymətləndirir, vəzifəyə təyin edir, amma bir ildən sonra həmin insanı tanımaq olmur, maşınını, evini dəyişir, bir sözlə bütün həyat tərzini yeniləyir. Bu nəyə lazımdır?

- Hazırda elə məmurlar varmı?

- Təbii ki, var. Sadəcə, istəmirəm, ad çəkim. Atalar məsəli var: Qızım, sənə deyirəm, gəlnim sən eşit. Ona görə də ad çəkməyə ehtiyac yoxdur. Hər kəs bilir ki, harada nöqsanı var, hansı səhvə yol verir. Məmur düşünməməlidir ki, pul yığım, bir ildən sonra çıxarıldıqdan sonra yığdığımı xərcləyərəm... Ona görə də nöqsanına görə işdən çıxarılan məmurlarla bağlı inzibati orqanlar araşdırmalar aparmalıdırlar və bunu Prezidentə məruzə etməlidirlər. Ölkə Prezidenti hər şeyə nəzarət edə bilməz axı, bunu digər qurumlar həyata keçirməlidir. Əgər məmur bilsə ki, 5 ildən sonra işdən çıxarılarkən hüquq-mühafizə orqanları onun cinayətlərini üzə çıxarıb cəza tədbirləri görəcək, həmin məmur işlədiyi dövr ərzində səhvə yol verməz. Bu, keçid dövrünün bəlalarıdır. Güman edirəm ki, bu cür hallar keçicidir, zamanla qaydasına düşəcək, yeni nəsil gəldikdən sonra bu problemlər olmayacaq.

- Azərbaycanda struktur islahatları nəticəsində bir neçə gənc kadr yüksək vəzifə təyinatı aldı. Onlar özlərini doğrultdularmı?

- Həmişə onlar haqqında yüksək fikirlər söyləmişəm. Əksəriyyətini də tanıyıram. Düzdür, insanı tanımaq bir qədər çətindir, vaxt aparır. Belə bir deyim var: Bir insanı tanımaq üçün bir insan ömrü yetməz...Düşünürəm ki, həmin insanlar üstün keyfiyyətlərə malik insanlardırlar. Güman etmirəm ki, həmin kadrlar özlərindən əvvəlkilərin səhvlərini təkrar edərlər.

- Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüsünüz. Hazırda hansısa qanunverici təşəbbüslə çıxış etməyi düşünürsünüzmü?

- Qanunverici təşəbbüslə çıxış etmirəm. Amma həm komitənin, həm də parlamentin plenar iclaslarında təkliflərlə çıxış edirəm. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli olduqca demokratik insandır, komitənin iclaslarında müzakirələrə şərait yaradır, hər kəs təkliflərini irəli sürür. Komitənin sonuncu iclasında parlamentin Daxili Nizamnaməsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Milli Məclis deputatının toxunulmazlığı məsələsini qaldırdım. Qeyd etdim ki, deputatların diplomatik pasportu onlar deputat seçilməyəndə də qüvvədə olarsa, yaxşı olar. Bu, dövlətçilik baxımından da əhəmiyyətlidir. Burada söhbət fərddən getmir, bunu heç özüm üçün də demirəm, artıq 70 yaşım var, harasa getməyi də düşünmürəm. Azərbaycanda olmaq mənə kifayət edir. Türkiyədə, Avropa ölkələrində deputatın səlahiyyət müddətinin bitməsinə baxmayaraq, diplomatik pasport qüvvəsini itirmir. Deyirlər ki, bu, problem yarada bilər. Belə olarsa, həmin şəxslə bağlı tədbir görmək olar.

Qanun layihələri məsələsinə gəldikdə isə deyə bilərəm ki, daha çox kollektiv beynin məhsulu və istehsalı olan qanun layihələrinin müzakirəyə çıxarılaraq təsdiq edilməsinin tərəfdarıyam. Qanun layihəsini bir nəfər hazırlayarsa, burada subyektiv məqamlar ola bilər. Qanunverici təşəbbüslə çıxış etmək və qanunvericiliyə töhfələr vermək ayrı-ayrı şeylərdir. Düşünürəm ki, qanunverici təşəbbüslə çıxış etmək bir institun səviyyəsində olan bir işdir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin hüquq şöbələri var, onların belə təşəbbüslərlə çıxış etmələri normal haldır. Qanunvericilikdə səhv etmək cəmiyyəti alt-üst etməyə bərabərdir. Ona görə də bu, çox məsuliyyətli işdir.

- Bakıda mer seçkilərinin keçirilməsini necə qiymətləndirirsiniz? Yəni bu, mümkündürmü?

-Mer seçkiləri keçiriləndən sonra nə dəyişəcək? Düşünürəm ki, biz hələ buna hazır deyilik. Bakı kimi böyük şəhərə nəzarət səlahiyyəti yalnız xalqda deyil, eyni zamanda ölkə Prezidentində olmalıdır. Məncə, mer seçkilərini bir neçə ildən sonra keçirmək olar. Şəhər rəhbərliyinin dövlət başçısı tərəfindən təyin edilməsi daha effektlidir. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə Prezidentin nəzarəti var. İcra başçısı bilir ki, səhvə yol versə, cinayət törətsə, cavab verəcək. Tutaq ki, seçki keçirildi, mer seçildi, fəaliyyətində müəyyən nöqsanlara yol verdi, nə olacaq? Burada problem yaşanacaq, çünki o, seçilib. Düzdür, müəyyən formada tənzimləmək olar. Amma çətinlik yaradacaq. Ona görə də biz mer seçkilərinə hazır deyilik.

- Azərbaycanda bir qrup ictimai-siyasi fəal “Qarabağa azadlıq” şüarı ilə mitinqlər təşkil edirlər. Sizə mitinqdə iştirakla bağlı dəvət göndərilirmi?

- Mən işğal olunmuş torpaqların, o cümlədən Dağlıq Qarabağın azad edilməsi üçün mübarizə aparan adamlardan biriyəm. Mitinqdə yalnız Qarabağa aid hissəni qabartmaq lazım deyil, Qarabağa aid olmayan torpaqlarımız da var. Ona görə də məsələyə kökündən yanaşmaq lazımdır. Terminologiyanı dəyişmək lazımdır. Dağlıq Qarabağ anlayışından istifadə edirlər. Ermənilər də bundan yetərincə istifadə edir. Deyilməlidir ki, Azərbaycanın işğal edilən əraziləri içərisində Dağlıq Qarabağ da var. Məsələn, Zəngəzur, Göyçə, İrəvan da işğaldadır. Ola bilsin ki, bu ərazilər hazırda siyasi-diplomatik müzakirələrin predmeti deyil. Amma bu, insanların şüurunda, milli varlığında saxlanılmalıdır. Milli şüura həkk edilməlidir ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarında dövlət qurub. Ölkə Prezidenti İlham Əliyev bunu dəfələrlə deyib. Amma ölkənin bəzi siyasətçiləri “Dağlıq Qarabağ”, “Qarabağ” terminlərindən istifadə edirlər. Niyə “işğal olunmuş torpaqlar” ifadəsindən istifadə olunmur? Bu mitinqlər xalqa nə verir? Mitinqlər Azərbaycan Prezidentinə, dövlətinə “Biz bərabərik” mesajı vermirsə, belə aksiyaların əhəmiyyəti ola bilməz. Həmin mitinqlərdə “İstefa” şüarı səsləndirilir, Siz kimsiniz ki, istefa tələb edirsiniz? Qarabağ haqqında danışırsansa, daha “istefa” şüarı nəyə lazımdır? Guya sənin sözünlə ölkə Prezidenti istefa verəcək? Onlar düşmənə mesaj verirlər ki, biz Prezidentlə bərabər deyilik, istədiyinizi edə bilərsiniz... Bu, avantürist, ölkəmizin milli maraqlarına xidmət etməyən yanaşmadır. Ona görə də bu cür mitinqlərin əleyhinəyəm, oradakı çıxışları anti-milli çıxışlar hesab edirəm. Mən o mitinqlərdə həmrəylik görmürəm. Biz həmrəy olmalıyıq. Baxın erməni cəmiyyətinə, nəticə çıxarın, cənablar! Onlar hakimiyyətə gələn şəxslə Qarabağ məsələsində həmfikirdirlər. Ermənistanda hakimiyyət dəyişir, mövqe dəyişmir... Bakıda keçirilən bu cür mitinqlərə münasibətim mənfidir.

- Sədri olduğunuz Ana Vətən Partiyasına dövlət büdcəsindən maliyyə ayrılır. Partiyanıza ayrılan vəsait ehtiyacları ödəyirmi?

- Əvvəllər maliyyələşmirdik, çətinliklərimiz var idi. Partiya qərargahının aylıq ödənişini belə, verə bilmirdik. Rayon təşkilatlarına da maliyyə yardımı göstərmirdik. Artıq bir neçə ildir ki, Milli Məclisdə təmsil olunan partiyalara dövlət büdcəsindən maliyyə yardımı ayrılır. Biz bu maliyyə ilə müəyyən problemlərimizi həll edirik. Buna görə dövlətimizə minnətdarıq. Etiraf etmək lazımdır ki, Azərbaycanda partiyalaşmağa və siyasiləşməyə o qədər də maraq yoxdur. Xalqın mütləq əksəriyyəti dövlətin yanındadır, Prezidentlə bərabərdir.

Ana Vətən Partiyası 1990-cı ildə yaradılıb, hazırda 50 rayon (şəhər) təşkilatımız var, oturuşmuş sosial dayağımız mövcuddur. “Dövlət büdcəsindən ayrılan maliyyə ilə bütün işlərimizi görürük” deyə bilmərəm. Təbii ki, bu maliyyə kifayət etmir. Partiyanın güclənməsi üçün daha çox maliyyə vəsaitinə ehtiyac var. Partiyanın 50 rayon təşkilatı var, bunlara ofis kirayələmək, təşkilatın 3-5 nəfərdən ibarət aparatını qurmaq lazımdır, orta hesabla aylıq 50 min manat pula ehtiyac var, bu da illik 600 min manat vəsait edir. Biz isə illik 600 min manat vəsait almırıq, xeyli dərəcədə az məbləğ alırıq. Əlbəttə, daha çox pula ehtiyac var.

- Yəqin, 2019-cu ilin büdcə zərfi Milli Məclisdə müzakirə edilərkən bu məsələni qaldıracaqsınız...

- Büdcə layihəsinin müzakirəsini zamanı təkliflərimizi veririk, hərdən nəzərə alırlar... Vəsaitin artırılması məsələsini o qədər də qaldıra bilmirik. Çünki ölkənin çox ciddi problemləri var. İşğal edilən torpaqların azad edilməsi üçün külli miqdarda vəsait xərclənir. Ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var, bu insanların məişət və digər problemləri həll edilir. Bütün bunlara görə istəklərimizi məhdudlaşdırırıq.

- Hakim partiyanın funksionerləri qeyd edirlər ki, partiyalar illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) düzgün təqdim etmirlər. Doğrudanmı belə hallar var?

- Dövlət büdcəsindən maliyyələşən partiyalar illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Bunu etməsələr, onların pulu kəsilə bilər. Ana Vətən Partiyası hər il aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə MSK-ya təqdim edir. Ölkədə elə partiyalar var ki, dövlət büdcəsindən maliyyələşmirlər. Amma buna baxmayaraq həmin partiyalar da illik maliyyə hesabatını təqdim etməlidirlər. Yəni, il ərzində hansı maliyyə əməliyyatları həyata keçiriblərsə, bununla bağlı hesabat verməlidirlər. Bəzi gizli məqamlar da var, iş adamları hansısa müxalifət partiyalarına yardım edirlər. Azərbaycanı istəməyən qüvvələr də müxtəlif yollarla partiyalara maliyyə yardımı edirlər. Uzun illərdir, ictimaiyyət qarşısında olan insanlardan biriyəm, müxtəlif vəzifələrdə çalışmışam, 1996-cı ildən də Milli Məclisin deputatıyam, amma gizli yollarla maliyyələşən partiya sədrləri qədər imkanlı deyiləm. Bir məsələni deyim, məni düzgün başa düşün, nəvəm xaricdə təhsil üçün imtahan verdi. Düşündük ki, maddi durumumuz onun hansısa Avropa ölkəsində təhsil almasına imkan vermir. Ona görə də nəvəm təhsilini Türkiyədə almağa başladı. Yəni, biz problemlərimizi çətinliklə həll edirik. Amma müxalifətdə elə insanlar var ki, onların övladları Böyük Britaniyada, Amerikada, Kanadada təhsil alır. Bunlar pulu haradan alırlar? Deputatam, cəmiyyətdə kifayət qədər tanınıram, maaşım yüksəkdir, amma o cür imkanım yoxdur. Deməli, həmin insanlar düzgün yolda deyillər, natəmizdirlər. Onlar anti-Azərbaycan qüvvələrindən maliyyə alırlar. Bəziləri də xarici ölkələrə üz tuturlar, orada Azərbaycanı istəməyən qüvvələrdən maliyyə alaraq ölkəmizə, dövlətimizə hədyanlar yağdırırlar. Bunun da arxasında ermənilər dayanır.

Bu cür məmurlar da var. Onlar yığdığı pullarla ailələrinə xarici ölkələrdə mülklər alırlar, şərait qururlar. Məlum olur ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı 2500 dollara çaxır içirmiş, külli miqdarda pul xərcləyirmiş. Bu, bizim - sənin, mənim, xalqın puludur. Cahangir Hacıyev bu pulları dağıdıb, hazırda ona 15 il həbs cəzası verilib. Nə olsun? Lap 20 il həbs cəzası versinlər, nə dəyişir ki? Ölkədən çıxarılan pullar qaytarılmalıdır. Bilmirəm necədir, bəlkə də həbs həyatını ən gözəl şəraitdə keçirir, bu barədə fikir söyləyə bilmərəm. Amma bütün hallarda həmin pullar ölkəyə qaytarılmalıdır... Ayrı-ayrı məmurların xaricdə aldıqları malikanələr satılmalıdır, pulu da Azərbaycanın dövlət büdcəsinə köçürülməlidir. Biz həmin pullarla silah ala, pensiyaları, müəllimlərin, məmurların maaşını artıra bilərik. Məmur özbaşınalığna son qoymaq lazımdır.

- Sizcə bu qədər siyasi partiyaya ehtiyac varmı?

- Bunu qadağan etmək olmaz. Çünki Azərbaycan demokratik dövlətdir. Bu məsələ təbii yolla-insanların, cəmiyyətin seçimi ilə həllini tapmalıdır. Azərbaycan cəmiyyətinə, dövlətinə xidmət edən partiyaların sayı təqribən 10-dan artıq deyil.

- Bəzən iddia olunur ki, parlamentdə müxalifət partiyaları təmsil olunmur? Bu fikrə münasibətiniz necədir?

- Azərbaycan Milli Məclisində müxalifət partiyaları da təmsil olunur. Müxalifət nümayəndəsi nə etməlidir, qışqırmalıdır, dava etməlidir? Parlamentdə kifayət qədər fərqli fikirli insanlar təmsil olunur. Orada siyasi plüralizm mövcuddur. Milli Məclisdə təmsil olunan müxalifət partiyalarının nümayəndələri müxtəlif qanun layihələrinə öz alternativ fikirlərini bildirirlər, bəzi hallarda onların təklifləri nəzərə alınır. Müxalifət belə olmalıdır. Müxalifətçilik qışqırmaq, təhqir etmək, söyüş söymək deyil ki... Biz bu cür müxalifətlə çoxdan vidalaşmışıq, o dövr keçib artıq. Müxalifətçilik təfəkkürdə, baxışlar sistemində olmalıdır. Onlar dağıdıcı deyil, töhfəverici olmağa çalışmalıdırlar.

- Növbəti dəfə deputat seçilmək üçün namizədliyinizi irəli sürəcəksinizmi?

- Sağlıq olsun, hələ o müddətə çox var: iki il...

- Növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilirmi?

- Növbədənkənar parlament seçkilərinin keçirilməsini gözləmirəm. Bunun üçün əsas yoxdur. Ölkədə nə baş verib ki, seçki keçirilir? Parlament normal qaydada fəaliyyətini davam etdirir. Milli Məclisin buraxılması üçün əsas yoxdur.

- Fəzail Ağamalı AVP sədrliyindən getsə, onu əvəzləyəcək kimsə varmı?

- Belə bir şəxs olmasa da, tapılacaq. Ana Vətən Partiyasında yetərincə perspektivli insanlar var. Sadəcə, biz bunu qabartmırıq, təbii inkişafa, seçimə buraxırıq ki, o, ciddi bir sosial sifarişə çevrilsin. Artıq partiya sədrliyindən getməyi düşünürəm. Yəqin ki, bu, yaxın vaxtlarda, növbəti qurultayda həllini tapacaq. Partiya sədrinin kim olması qurultayın səlahiyyətindədir. Baxın görün hansı partiya liderdən bu və ya digər dərəcədə asılı deyil? Bütün siyasi partiyaların gücü həmin təşkilatların liderlərinin gücü, xarizması, potensialı ilə bağlıdır. Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) 2003-cü ildən hakimiyyətdədir. Bu birbaşa Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Almaniyada Angela Merkelin təmsil olunduğu partiyaya diqqətin edin. Amerikadakı partiyaları da misal çəkmək olar. Hakim Yeni Azərbaycan Partiyasının gücü Heydər Əliyev və onun siyasi kursunun davamçısı İlham Əliyevlə bağlıdır. Heydər Əliyevdən sonra partiya rəhbərliyinə İlham Əliyev deyil, başqa birisi gəlsəydi, güman etmirəm, təşkilat bu qdəər güclü ola bilərdi. Bu, reallıqdır. Tarixdə şəxsiyyətlərin rolu mühüm məsələdir.

- Partiya sədrliyindən getməyinizin səbəbi nədir?

- Hər şeyi vaxtında etmək lazımdır. Gözləməli deyilsən ki, sən dünyadan köçəndən sonra sədrlik uğrunda kimsə ölüm-dirim mübarizəsi aparsın, ya da partiya tarixə qovuşsun. Mən həyatın dialektikasına inanan, əməl edən insanam. İnsan müəyyən dövrdə səhnədən çıxmalıdır. Müəllim 80 yaşında müəllimlik edə bilməz ki... 80 yaşlı həkimin xəstəsinə xidməti necə olacaq?... Düzdür, siyasət bir qədər fərqlidir, daha çox düşüncə, beyin, təcrübə tələb edir. Amma bu da tükənir. Hazırda mən 50 yaşındakı kimi deyiləm axı. Bütün sahələrdə olduğu kimi siyasətdə də bir limit var. Təbii ki, hələ siyasətdən getməyi düşünmürəm. Tükəndiyimi düşünmürəm. Qeyri-adi nəsə baş verməzsə, səhhətimdə problemlər olmazsa, bir müddət siyasətdə qalacağam. Partiya sədrliyindən getmək məsələsini müzakirə etmişəm. Doğrusu, partiyada bu məsələnin üzərinə çox getmirlər. Səbəbini bilmirəm, görünür, bu, mənə olan rəğbətin ifadəsidir. Yəqin ki, zamanında qərar qəbul edəcəyik. Ana Vətən Partiyasının qurultayı 5 ildən bir keçirilir, növbəti qurultay 2020-ci ildə keçiriləcək.

- “Facebook” sosial şəbəkəsində hesabınız var. Özünüz idarə edirsiniz?

- Nəzarət edirəm, amma köməkçim idarə edir. Sosial şəbəkələrə aludəçiyim yoxdur, çünki bilirəm ki, ora mütəmadi daxil olsam, çıxmaq çətin olacaq. Bu da vaxtımı çox apara bilər. “Facebbok” hesabımda yazılarımı, verdiyim müsahibələrdən vacib hesab etdiklərimi paylaşıram. Bir sözlə, sosial şəbəkədə passivəm.

Son xəbərlər

Orphus sistemi