Yuxarı

Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının vergi borclarının bir hissəsi silinəcək

© Report

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu ilin martın 1-dək olan əmlak və torpaq vergiləri üzrə borclarının bir hissəsi silinəcək.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü ilə Milli Məclisə “Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu ilin 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi göndərib. 

Layihədə qeyd olunub ki, dövlət əmlakının (müəssisəsinin) satıcısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakının (müəssisəsinin) bu qanunun qüvvəyə minmə tarixinə olan əmlak və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirir.

Özəlləşdirilən dövlət əmlakının (müəssisəsinin) qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında (emissiya prospektində) ayrıca göstərilir.

Bu qanun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada silinir:

1. Dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə - ödənilməmiş borcların 70 faizi silinir,

2. Dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən iki il ərzində bu borcların 50 faizi ödənildikdə- ödənilməmiş borcların 50 faizi silinir,

3. Dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən üç il ərzində bu borcların 70 faizi ödənildikdə- ödənilməmiş borcların 30 faizi silinir.

Bu qanunun müddəaları dövlət əmlakının (müəssisələrinin) bu qanunla müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilən, lakin bu qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.

Qanun martın 1-də qüvvəyə minəcək.

Layihə Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi