Deputat: "Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti var"

Deputat: "Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti var" “Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb. “Şuşa İli”ndə Milli Məclis tərəfindən Azərbaycan və
Milli Məclis
3 Fevral , 2022 21:44
Deputat: Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti var

“Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb. “Şuşa İli”ndə Milli Məclis tərəfindən Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanmış Şuşa Bəyannaməsinin təsdiq olunması olduqca mühüm hadisədir. Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti var”

Bu fikirləri “Report”a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Türkiyə ilə Azərbaycan dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığın, strateji tərəfdaşlığın və qardaşlığın hüquqi əsasına çevrilib: “Şuşa Bəyannaməsi beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, birgə müdafiəsi məsələsində də mühüm əhəmiyyət kəsb edir. Bu bəyannamənin imzalanması ilə Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə nail oldu. Bu sənəd həm də iqtisadi platformada işbirliyinin inkişafında yeni perspektivlər açacaq. Sənəddə Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır ki, bu amillər hər iki dövlətin gələcək inkişafında əhəmiyyətli yer tutur”.

Azərbaycan-Türkiyə münasibətlərinin çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə etdiyini bildirən millət vəkilinin fikrincə, ötən il imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə yol açdı. Bu baxımdan, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır: “Sənəddə iki ölkənin qarşıdakı dövrdə müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Ən mühüm məqamlardan biri hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi məsələsidir ki, bu da həm regional, həm də qlobal müstəvidə yeni imkanlar açır. Bu müqavilə Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artması, təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır”.

Millət vəkilinin sözlərinə görə, sənədin imzalanmasından ötən müddət ərzində həm Azərbaycan, həm də Türkiyə cəmiyyəti Şuşa Bəyannaməsi ilə bağlı müsbət fikirlər ifadə edib: “Hər iki ölkənin siyasi qüvvələri bu sənədin böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Artıq Azərbaycan parlamenti bu sənədi ratifikasiyası etdi. Fevralın 3-də isə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində də məsələyə baxılıb və müsbət rəy verilib. Şuşa Bəyannaməsinin təsdiqlənməsi üçün sənədin Türkiyə parlamentində müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab edilib”.

Fatma Yıldırım qeyd edib ki, Qarabağın düşmən işğalından azad edilməsi, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın və Türkiyənin regionda yeni geostrateji güc mərkəzi kimi ortaya çıxmasına şərait yaratdı. Onun fikrincə, bu əməkdaşlıq, strateji addımlar regiona sülh, stabillik və əmin-amanlıq vəd edir: “Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında müttəfiqliyin ən ciddi təzahürüdür”.

Son xəbərlər

Orphus sistemi