“Azərbaycan düşmənçilik ritorikasından çıxış etməyərək humanist yanaşma nümayiş etdirə bilib” - RƏY

“Azərbaycan düşmənçilik ritorikasından çıxış etməyərək humanist yanaşma nümayiş etdirə bilib” - RƏY “Azərbaycan tərəfi birgəyaşayışa maneə olan milli nifrət və düşmənçilik ritorikasından çıxış etməyərək humanist yanaşma nümayiş etdirə bilib”.
Milli Məclis
29 Avqust , 2023 11:44
“Azərbaycan düşmənçilik ritorikasından çıxış etməyərək humanist yanaşma nümayiş etdirə bilib” - RƏY

“Azərbaycan tərəfi birgəyaşayışa maneə olan milli nifrət və düşmənçilik ritorikasından çıxış etməyərək humanist yanaşma nümayiş etdirə bilib”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O deyib ki, milli nifrət və düşmənçiliyin təbliği, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər törətməkdə təqsirli bilinərək axtarışa verilmiş erməni futbolçuların saxlanması üç reallığı üzə çıxardı:

“Birincisi, cənab Prezidentin 18 mart 2023-cü il tarixli Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində, habelə 13 aprel 2021-ci il tarixli ADA Universitetində beynəlxalq konfransda da ifadə etdiyi kimi, biz gələcəyə baxmalıyıq, eyni zamanda ermənilərin bizə qarşı törətdiklərini heç vaxt unutmayacağıq. İstər Xaçaturyanın, istər futbolçuların sərhəd-buraxılış məntəqəsində yaxalanması ilə Azərbaycan dövləti göstərdi ki, heç nə unudulmur və istər 30 illik işğal dönəmində, istərsə də postmüharibə dövründə Azərbaycan vətəndaşlarına və Azərbaycan Respublikasının maraqlarına qarşı cinayət törətmiş istənilən şəxs mütləq ədalət mühakiməsi önünə çıxarılacaq.

İkincisi, “Laçın” sərhəd-buraxılış məntəqəsinin regionda sülh və təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla mübarizə və gələcək birgəyaşayışa maneə olan milli nifrət və düşmənçilik ritorikasına son qoyulmasında rolunu hər kəs bir daha praktik olaraq gördü.

Üçüncüsü, sərhəd-keçid məntəqəsi yaxınlığında “humanitar böhran şousu”nun davam etdiyi bir vaxtda və əksəriyyəti Qərb təmsilçiləri olan təxribatçı missiyaların gözü önündə cinayətkarlıqla mübarizədə tərəddüdsüz davranışla Azərbaycan həm də bu bölgədə son sözün kimə mənsub olduğunu göstərmiş oldu”.

Deputat xatırladıb ki, 2021-ci ilin dekabrında bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçuların Dövlət bayrağımız barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülərin yayılması ilə əlaqədar Baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 və 324-cü maddələri üzrə cinayət işi başlanmış, işin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunmuş və qeyd edilən Ermənistan vətəndaşları milli nifrət və düşmənçiliyin salınması, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər maddəsi ilə təqsirli bilinərək axtarışa verilmişdi:

“Avqustun 28-də “Laçın” sərhəd-keçid məntəqəsində həmin şəxslər cinayət, cinayət-prosessual, əməliyyat-axtarış fəaliyyəti, dövlət sərhədi haqqında qanunvericilik və digər normativ bazis rəhbər tutularaq saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumatda da ifadə olunduğu kimi, təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək cinayət təqibinə xitam verilərək, həmin şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.

Məsələnin ictimai rəydə birmənalı qarşılanmaması, 30 il işğal, təcavüz faktoru ilə üz-üzə qalan vətəndaşlarımızın sosial mediada həmin şəxslərin ağır formada cəzalandırılmasını tələb etməsi başa düşüləndir. Lakin bu kimi proseslərdə, xüsusən indiki həssas dövrdə dövlətin aldığı qərarlar birmənalı dəstəklənməli, özfəaliyyətə yol verilməməlidir.

Şəxslərin cinayət məsuliyyətindən azad edilməsinin hüquqi əsaslarına gəlincə, Cinayət Məcəlləsinin 72-ci maddəsi səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə institutu müəyyən edib və böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs konkret hallarda cinayət məsuliyyətindən azad edilə bilər.

Cinayət Məcəlləsinin 324-cü maddəsinə müvafiq olaraq, Azərbaycanın Dövlət bayrağı barədə təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş, yaxud azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Yəni, 324-cü maddə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğu üçün Azərbaycan tərəfi humanist yanaşma nümayiş etdirə bilib.

Digər maddəyə gəlincə, əvvəldə qeyd etdiyimiz nüanslar nəzərə alınıb və cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək cinayət təqibinə xitam verilib. Məhkəmə çox doğru olaraq İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə istinad edərək, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın - indiki halda milli düşmənçiliyin salınmasına yönələn açıq çağırışın internet informasiya ehtiyatında yerləşdirilməsinə görə qeyd olunan şəxslərin barəsində 10 gün müddətə inzibati həbs tətbiq edib”.

B.Məhərrəmov bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin Bakının humanist addımını isterika ilə qarşılaması, bu məsələni də şouya çevirmək cəhdi, cinayətkarlığı dövlət siyasətinə çevirmiş İrəvanın anti-Azərbaycan fəaliyyətində bundan sonra da qərarlı olduğunu, erməni cəmiyyətində bizə qarşı nifrət dilinin davamlılığında maraqlı olduğunu göstərir:

“Digər tərəfdən İrəvan əslində reallığın fərqindədir. Ermənistan yaxşı anlayır ki, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərini rəhbər tutması indiki mürəkkəb geosiyasi şəraitdə, davam edən informasiya savaşında Azərbaycana ciddi siyasi dividend gətirmiş oldu. Ən azından Ermənistandan fərqli olaraq Azərbaycan hüquqi dövlət olduğunu, cinayət törətmiş şəxslərin milliyyəti, dini, dili və digər halların önəm daşımadığını, hər kəsin qanun qarşısında bərabər olduğunu göstərdi. Yəni yalnız azərbaycanlı olduğuna görə insanları sülh və insanlıq, o cümlədən şəxsiyyət əleyhinə ağır cinayətlərə məruz qoyan Ermənistandan fərqli olaraq Bakı göstərdi ki, Azərbaycanda məhz erməni olduğuna görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla, yaxud cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz. Əlverişsiz hava şəraitində yolu azaraq şərti sərhədi keçən gənc hərbçilərimizi ağır cəzaya məruz qoymaqla hüququn, məhkəmələrin müharibə cinayətlərinin alətinə çevrildiyini və etnik milliyyətçilik çirkabına batdığını bir daha sübut edən Ermənistandan fərqli olaraq Azərbaycan demokratik, hüquqi dövlət olduğunu parktik şəkildə nümayiş etdirdi. Bir sözlə, Bakı, Qarabağın erməni sakinlərindən qərarsız qalanları da, onları anti-Azərbaycan ritorikaya təşviq etməklə reinteqrasiya prosesinə əngəl törədən qüvvələri də bu gedişi ilə fakt qarşısında qoymuş oldu”.

Son xəbərlər

Orphus sistemi