"Ali təhsil müəssisələri paytaxtdan kənar ərazilərə köçürülməlidir".
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, şəhərin mərkəzində tıxac əsas problemdir: "Əsas səbəb də mərkəzdə universitet sayının çoxluğu və dövlət obyektlərinin paytaxtda yerləşməsidir. Gələn ilin büdcəsində həmin universitetlərin şəhər kənarına köçürülməsinə baxmalıyıq”.
Deputat, həmçinin bildirib ki, gələn ilin sentyabrından avtomobillərin utilizasiyası məsələsinin həllini tapması gözlənilir: "Çünki ölkəmizdəki avtomobillərin 80 %-nin istismar müddəti bitib. Bu, kütləvi məsələ olduğundan ədalətli həll üçün mexanizm yaradılmalıdır".
V.İskəndərov qeyd edib ki, hazırda Pedaqoji Universitetinin Şəki filialı fəaliyyət göstərir: "Şəki həmin regionun mərkəzi şəhəridir. Bu təhsil ocağı professor-müəllim heyəti və digər sahələrlə birgə müstəqil olmaq üçün tam hazırdır. Şəki təhsil və ziyalılar şəhəridir. Ona görə də burada universitetin müstəqil fəaliyyət göstərməsinə ehtiyac var. Hesab edirəm ki, gələcəkdə bu məsələyə baxılması çox vacibdir”.