Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) nizamnamə (şərikli) kapitalında mühüm iştirak payının əldə edilməsi qaydasını nəzərdə tutan “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda təsdiq edilib.
"Report" xəbər verir ki, sənədə əsasən, BOKT-un nizamnamə (şərikli) kapitalında hər hansı şəxs tərəfindən mühüm iştirak payının, o cümlədən mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə (şərikli) kapitalının 20, 33 və 50 %-nə çatmasına və yaxud bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payının əldə edilməsi üçün BOKT-un səlahiyyətli idarəetmə orqanı bu barədə qərarı və müraciəti ilə birlikdə lazımi sənədləri və məlumatları Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edir:
AMB ərizəyə ən geci 20 iş günü müddətində baxır.
İştirak payının əldə edilməsi barədə AMB-nin verdiyi icazədə iştirak payının alınmasının son müddəti göstərilir. Bu müddət bitdikdən sonra və yaxud AMB-nin icazəsi olmadan iştirak payının əldə edilməsi barədə əqdlər bağlanıldıqda, həmin əqdlər bağlanıldığı andan etibarsız hesab edilir.
AMB iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və yaxud BOKT tərəfindən geri alınması (əldə edilməsi) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər.
BOKT-u kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və yaxud nizamnamə (şərikli) kapitalındakı payını 20, 33 və 50 %-dən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə AMB-yə yazılı məlumat verməlidir.