Yuxarı

“Yeni Müsavat” qəzetinin ilk sayının çap edilməsindən 26 il ötür - FOTO

​Rauf Arifoğlu: “Qəzetimizi partiyalılıqdan çıxarmaq çətin oldu”

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan müasir tarixinin uzunömürlü qəzetlərindən biri olan “Yeni Müsavat” qəzetinin ad günüdür.

“Report”un xəbərinə görə, qəzetin ilk sayının çap edilməsindən 26 il ötür.

Qəzet 7 noyabr 1989-cu ildə Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb. Qəzetin qurucusu hazırkı təsisçi və baş redaktor Rauf Arifoğludur.

R.Arifoğlu “Report”a açıqlamasında deyib ki, “Yeni Müsavat” qəzeti Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin önündə olub. O xatırladıb ki, Azərbaycanda XX əsrin sonlarında müstəqil dövlət yaranmazdan qabaq xalqın içindən çıxan bir qrup şəxs və şəxslər partiyalar qurub, hərəkat təsis edib və müxtəlif qəzetlər yaradıblar: “Azərbaycanda o zaman - 1988-89-cu illərdə milli azadlıq hərəkatı başlamışdı. Bu da sovet dövrünə təsadüf edirdi. Həmin dövrdə də Kommunist Partiyasının qəzetlərindən başqa heç bir qəzet çıxa bilməzdi, yasaq idi. Biz meydanlarda milli azadlıq uğrunda mübarizə apara-apara, Azərbaycanın sərhədlərində mübarizəni təşkil edə-edə bir media quruluşuna ehtiyac hiss etdik. “Yeni Müsavat” qəzeti də beləcə yarandı. Qəzetin əsasını 1989-cu ilin oktyabrın da “Yeni Müsavat” Partiyası ilə birlikdə qoyduq. O partiyanın yayım orqanı kimi də qəzeti qurmaq mənə həvalə olunmuşdu. Cəmi 5 nəfər idik. Qəzeti ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının mətbəəsində çap etdik. “Yeni Müsavat”ın tam variantını 10 noyabra qədər yekunlaşdırdıq. Həmin tarixdə Bakının Azadlıq Meydanında Azərbaycan Xalq Cəbhəsinin böyük mitinqi vardı. Həmin nüsxədən birini tapmışıq. Qəzetin arxivi vardı, sadəcə, həbs olunduqdan sonra tapa bilmədim”.

26 il müddətində xeyli çətinliklərinin olduğunu deyə R.Arifoğlu bildirib ki, dünyanın hər yerində qəzetçi çətin peşə sayılır: “Risklidir. Döyüş zonasında reportyor peşəsi nə qədər risklidirsə, bu da elədir. Azərbaycan həmişə döyüş zonası kimi bir şey olub. Yəni, burada bütün qəzetçilərin işi çətindir. Bilirsiz, heç kəs demokratik açılıma hazır deyil. Nə iqtidar, nə müxalifət, nə də cəmiyyət hazırdır. Tənqid etmək qəzetə xas xüsusiyyətdir.Cəmiyyət buna hazır deyil. Çətinliyimiz budur. Eyni zamanda, bu, çox maraqlı və şərəfli peşədir. Allah hər kəsə sözün əsgəri olmağı qismət etmir. Çətinliyimiz davam edir, hesab edirəm ki, bundan sonra da davam edəcək. Biz həm tarixin yaradılma, həm də yazılma prosesində iştirak edirik”.

O vurğulayıb ki, “Yeni Müsavat”ı partiyalılıqdan ayırmaq, çıxarmaq çətin olub: “Bilirsiz, dünya standartlarına görə qəzetin, kütləvi informasiya vasitəsinin partiyalı olması qəbuledilməzdir. Qəzetin partiyalı olması kommunizm, bolşevizm düşüncəsinə xasdır. Biz qəzeti partiyalılıqdan çıxarmaq üçün çox çalışdıq. 1999-cu ildən başlayaraq, tezislərimizi ortaya qoyduq ki, belə olmaz. Azərbaycandakı şərtlər elə idi ki, imkan olmurdu. Yəni, biz müxalif düşərgədə qalmaq məcburiyyəti yaşadıq. Amma hər fürsətdə müəyyən prinsipləri tətbiq etməyə başladıq. Bu, çox çətin və ağrılı bir prosesdir. Nə qədər nail olduğumuzu deyə bilmərəm, amma bunun üçün bütün addımları atmışıq. Düşünürük ki, qəzet düşərgələrdən məsafəli olmalıdır. Qəzet hansısa bir liderə, hansısa partiyaya, təşkilata, ümumi bir ideologiyaya xidmət etməməlidir. Qəzetin ideologiyası yalnız xəbərdir. Azərbaycanda isə “mənə xidmət et” prinsipini irəli sürürlər. Bu da kommunizmin qalıqlarıdır. 26 il ərzində ən müxtəlif ittihamlara rast gəlmişik. Əvvəl deyirdilər ki, “Yeni Müsavat” qəzeti Azərbaycan Xalq Cəbhəsini parçalıyır, əleyhimizə böyük kampaniya gedirdi. Sonra Müsavat Partiyasını qurduq, partiya rəhbərliyində təmsil olunan bir qrup şəxs məni Divana dəvət edib dedilər ki, niyə Əbülfəz Elçibəyə xidmət edirsiz? Bizim müxalif düşərgədə radikalizmə meyl var. Hər dəfə onlar kimi düşünməyənləri “xain” elan edirlər. Ünvanımıza çeşidli ittihamlardan stimul almışıq. “Yeni Müsavat” öncüllüyünü saxlayır deyə, hər kəsin diqqətində olur. Kimi fəaliyyətimizi təqdir edir, kimi də tənqid edir. Bütün hallarda qəzetimizi oxuyurlar. Elə bizim də hədəfimiz oxunmaqdır. Bizi tənqid edəndə sevinirik, çünki oxumsalar, izləməsələr bizi niyə tənqid etsinlər ki?! Başqa kütləvi informasiya vasitələri də var, bi çoxunun fəaliyyətinə reaksiya sıfırdır. Tənqid edirlərsə, deməli, bizi oxuyurlar”.

R.Arifoğlu qeyd edib ki, bundan sonrakı hədəf qəzeti yaşatmaq və genişləndirməkdir: “Hədəfimiz qəzeti yaşatmaqdır. İmkan olduğu təqdirdə də media işini genişləndirməyə çalışacağıq. Televiziya variantı əsas arzularımdandır. Televiziya işini video halında qəzetin saytında həyata keçiririk. Bütövlükdə televiziya işini qurmaq üçün isə müəyyən maliyyə lazımdır, bu da yoxdur”.

Xatırladaq ki, “Yeni Müsavat” qəzeti 1989-91-ci illər ərzində gizli və qeyri-formal nəşr olunub. 1993-cü ilin mart ayından qəzetin təsisçisi Müsavat Partiyasının başqanı İsa Qəmbər olub. 2009-cu ilin noyabr ayının 8-də - qəzetin 20 illik yubileyində İsa Qəmbər təsisçiliyi Rauf Arifoğluna təhvil verib. Qəzetin 26 noyabr 2009-cu il tarixli sayında təsisçisi rəsmən dəyişərək Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi