ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur.
Media
4 May , 2024 19:45
ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat qeyd edib ki, xüsusən səfirin bu görüş fonunda "Azərbaycan hökumətini haqsız yerə həbs edilən bütün fərdləri dərhal azad etməyə" çağırması insan haqları ilə əlaqəsi olmayan və suverenliyi hədəfə alan anti-Azərbaycan kampaniyanın bir hissəsidir.

“Görünən odur ki, Azərbaycan Respublikasının müstəqil davranması, regionda sülh, sabitlik üçün unikal imkan yaradan reallıq formalaşdırması Qərb neoimperializminin, o cümlədən ABŞ-nin niyyətləri ilə üst-üstə düşmür. Səfirin ABŞ-nin Azərbaycanda maliyyələşdirdiyi muzdlu medianı və “beşinci kolon”u səfərbər etməsi, o cümlədən özünün seçdiyi və niyyətləri Vaşinqtonla üst-üstə düşən "media mənsublarını" hər bir imkanda başına toplaması da prosesin tərkib hissəsidir. Aydındır ki, ABŞ səfirini həbsdəki hansısa azərbaycanlı, yaxud bəyanatında qeyd etdiyi kimi, mətbuat azadlığı maraqlandırmır. Səfiri Bakının müstəqil addımları, qabaqlayıcı tədbirləri nəticəsində Vaşinqtonun təxribatçı addımlarının zərərsizləşdirilməsi narahat edir. Məhz bu çərçivədə də "öz jurnalistləri" ilə şou xarakterli görüş keçirib bəyanatlar yaymaqla konkret əməllər üzrə təqsirləndirilən şəxslərin cinayət təqibini süni surətdə siyasiləşdirib, cinayət mühakimə icraatı üzərində təzyiq mexanizmi formalaşdırmağa çalışır. Bu isə dövlətin daxili işinə qarışmaqla beynəlxalq hüququn prinsiplərinə hörmətsizlik, habelə "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyasının kobud pozuntusudur”, - deputat qeyd edib.

B.Məhərrəmov qeyd edib ki, əgər ABŞ həqiqətən, mətbuat azadlığını dəstəkləyirsə, ilk növbədə müstəqil medianı özünün maliyyə buxovundan azad etməli, onlara ABŞ-nin tezislərini yox, reallıqları yaymağa icazə, imkan verməlidir: “Məsələn, biz heç vaxt həmin jurnalistlərin ABŞ-nin ünvanına hər hansı bir tənqidi fikir yazmasının şahidi olmamışıq. Bu baxımdan səfir Libbi “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının diplomatik nümayəndəliyin funksiyalarını ehtiva edən 3-cü maddəsini rəhbər tutaraq, funksiyalarına, habelə özünün mandat və səlahiyyətinə aid olmayan məsələlərə yersiz müdaxilələrindən çəkinməlidir. Səfir unutmamalıdır ki, Azərbaycan Cinayət Məcəlləsinin 6.2-ci maddəsinin məzmununda da ifadə olunduğu kimi, ölkəmizdə heç kimin media, yaxud digər fəaliyyətlə məşğul olması onu törətdiyi əmələ görə cəzadan və ya cinayət məsuliyyətindən azad edə bilməz”.

“Bir daha deyirik, əgər ABŞ-ni həqiqətən fundamental haqlar maraqlandırırsa, öncə öz ərazisində iki əsrdən çoxdur ki, davam edən ayrı-seçkiliyin digər formalarına, o cümlədən islamofob davranışlara, Culian Assanc, Donald Tramp kimi şəxslərə münasibətdə fikir və ifadə azadlığına zərbə hesab olunan münasibətə, habelə hər il 1 000 nəfərdən artıq ABŞ vətəndaşının polis zorakılığının qurbanı olmasına son qoysun. Müxtəlif mövzularda narahatlıq ifadə etməyi vərdiş halına gətirmiş Vaşinqton başa düşməlidir ki, biz də səfirinin Azərbaycan ictimai mühitində təxribatçı davranışlarından, habelə ölkəmizin cinayət prosesinə, ibtidai istintaq orqanları və ədalət mühakiməsini həyata keçirən hakimlərin müstəqilliyinə və iradəsinə qanunsuz təsir mühiti formalaşdırmaq cəhdindən narahatıq. Əgər səfir üslubunu dəyişməyəcəksə, onun barəsində beynəlxalq hüquqa, o cümlədən 1961-ci il Konvensiyasına müvafiq tədbirlərin görülməsi zərurətə çevriləcək. Bu mənada, nə qədər gec deyil, səfir Libbi “ombudsmanlıq” iddiasından çəkinməli, diqqətini ölkələrimiz arasında münasibətlərin inkişafına yönəltməlidir”, - B.Məhərrəmov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi