Yuxarı
    Bağlamaq

    MTRŞ sədri: “Şou xarakterli verilişlərdə sosial problemli insanların üzərində şou yaratmaq halları qalır”

    “Tamaşaçılar hər bir məsələdə bu işin həllini bizim üzərimizə atır”

    Bakı. 17 yanvar. REPORT.AZ/ “Doğrudur, əvvəlki illərlə müqayisədə Azərbaycan efirində şou xarakterli verilişlər azalıb. Verilişlərin biçimində də müəyyən dəyişikliklər hiss olunur. Amma təəssüflə onu da bildiririk ki, hələ də şou xarakterli verilişlərdə bayağılıq, sosial problemli insanların üzərində şou yaratmaq halları qalır. Bu, bizi də çox narahat edir”.

    “Report”un xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Azərbaycan” qəzetinə ünvanladığı məktubda bildirib.

    “Amma onu da nəzərə almalıyıq ki, özəl televiziya kanalları öz fəaliyyətində daha çox məhz kommersiya maraqlarını əsas götürür. Reklam bazarındakı duruma baxdıqda vəziyyətin o qədər ürəkaçan olmadığını görürük. Bildiyiniz kimi, qonşu Türkiyə və Rusiyanın televiziya kanalları kabel şəbəkəsi vasitəsilə Azərbaycanda sərbəst şəkildə yayımlanır. Yəni Azərbaycan televiziya kanalları çox ciddi rəqabət mühitindədir. Bu amil isə sözsüz ki, verilişlərin keyfiyyətinə də təsir edir”, - deyə, N.Məhərrəmli əlavə edib.

    O bildirib ki, Milli Televiziya və Radio Şurası televiziya kanallarının yaradıcılıq işinə, proqram siyasətinə, kadr və maliyyə məsələlərinə qarışmır: “Tamaşaçılar isə hər bir məsələdə bu işin həllini bizim üzərimizə atır. Yaxşı olar insanlar, o cümlədən jurnalistlər Milli Televiziya və Radio Şurasından gözləntilərini qanuna uyğunlaşdırsınlar. Əgər hər şeyi Şuradan gözləyirlərsə, ilk olaraq, bunun hüquqa söykənib-söykənmədiyini müəyyənləşdirsinlər.

    Biz bu məsələləri yayımçılarla birgə həll etməyə çox çalışırıq. Amma zövqlərin hamısını təmin etmək çox çətindir. Milli Televiziya və Radio Şurası öz fəaliyyətini səlahiyyətləri çərçivəsində həyata keçirir. Bizim hüquqlarımız çərçivəsində nə mümkündürsə, biz onu edəcəyik ki, efirimizdən utanmayaq. Amma bu, çox çətindir. Milli Televiziya və Radio Şurası tənzimləyici qurumdur. “Televiziya və radio yayımı haqqında” qanunun tələbləri pozulduqda Şura sözünü deyir. Təbii ki, bizim əsas vəzifələrimizdən biri həm də ictimaiyyətin maraqlarını qorumaqdır. Bir tərəfdən ictimaiyyətin, digər tərəfdən isə teleradio yayımçılarının marağını qorumaq isə o qədər də asan iş deyil. Düşünürük ki, efirimizin səviyyəsini qaldırmaq, onun cəlbedici və maraqlı olmasını təmin etmək üçün zamana ehtiyac var. Arzu olunan hədəflərə yetişmək üçün, əlbəttə ki, digər media qurumlarının da “Azərbaycan” qəzeti kimi daha fəal, maarifləndirici çıxışlarına olduqca böyük ehtiyac var”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi