Yuxarı

“İrs” jurnalı Vyetnam dilində nəşrə başlayıb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun “İrs” jurnalının Vyetnam dilində ilk buraxılışında müsahibəsi dərc edilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanın “İrs” jurnalı Vyetnam dilində nəşrə başlayıb. 

"Report" xəbər verir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun “İrs” jurnalının Vyetnam dilində ilk buraxılışında müsahibəsi dərc edilib.

E.Məmmədyarov Azərbaycanla Vyetnam arasında əməkdaşlığın hazırkı vəziyyətindən, xüsusən də siyasi münasibətlərin inkişafından məmnunluq ifadə edib, hər iki ölkə başçısının qarşılıqlı səfərlərinin bu məsələdə həlledici rol oynadığını bildirib.

Nazir həmçinin beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin bir-birinə qarşılıqlı dəstəyini yüksək qiymətləndirib, BMT və Qoşulmamaq Hərəkatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. 

İkitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyətinə toxunan E.Məmmədyarov 2014-cü ildə hər iki ölkənin iş adamlarının iştirakı ilə Hanoy şəhərində keçirilən biznes forumu, SOCAR və Petrovyetnam şirkətləri arasında qurulan əməkdaşlığı qeyd edib, yaxın gələcəkdə hökumətlərarası iqtisadi komissiyanın işə başlaması ilə bu istiqamətdə arzuolunan nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş məlumat verən xarici işlər naziri münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini, işğal faktının təkcə Azərbaycan üçün deyil, bütün region üçün əsas təhdid olduğunu diqqətə çatdırıb, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminlik ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi