TRT-nin Bakı təmsilçiliyinin rəhbəri: “Məqsədimiz Azərbaycanın səsi olmaqdır” - MÜSAHİBƏ

Media
  • 02 mart, 2017
  • 11:51
TRT-nin Bakı təmsilçiliyinin rəhbəri: “Məqsədimiz Azərbaycanın səsi olmaqdır” - MÜSAHİBƏ

Bakı. 2 mart. REPORT.AZ/ Türkiyənin TRT televiziyasının Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslanın "Report"a müsahibəsi.

Arayış: Yıldıray Arslan Türkiyənin Sivas şəhərinin Kanqal rayonunun Çamurlu kəndində anadan olub. Bu kənd vaxtilə Şimali Qafqazdan gələn immiqrantların sıx yaşadığı ərazidir. Elə Y.Arslanın ulu babaları da Şimali Qafqazdan gələnlərdəndir. O, nənəsinin bəhs etdiyi hekayələrin ab-havası ilə böyüyüb və 6 yaşında ailəsi ilə Sivasdan Ankaraya köçüb. Ankara Universiteti Dil-tarix və coğrafiya fakültəsinin məzunudur, tarixə, mifologiyaya marağı var. Y.Arslan Qarabağ müharibəsində, 1994-cü ildə Çeçenistan müharibəsində müxbir kimi fəaliyyət göstərib.

- Yıldıray bəy, Bakıda iki ildən artıqdır fəaliyyət göstərirsiniz. Azərbaycan paytaxtında günləriniz necə keçir?

- Ümumiyyətlə, Bakıda günlər çox sürətlə keçir. Ona görə də Ankara və ya Bakıda olmağım arasında heç bir fərq yoxdur. Ancaq Azərbaycanda işimin daha gərgin olduğunu deyə bilərəm. Bəzən daha intensiv işləmək lazım gəlir. Çünki ölkədən kənarda işləyərkən istər-istəməz əlaqələrini yenidən qurmalı olursan. Belə ki, həm Azərbaycanı daha yaxından tanımağa, həm də bu ölkəni Türkiyəyə daha yaxından tanıtmağa çalışıram. Hər dəqiqə Türkiyə-Azərbaycan, Ankara-Bakı arasında əlaqədə oluram. 

Bir də Bakıda hava daha tez qaralır, gecə daha erkən başlayır. Bu da sanki insana qəribə bir hüzn verir. Hətta yeni gəldiyimdə Ankara ilə Bakı arasında iki saat fərq var idi. Ancaq hazırda fərqin bir saata enməsi bizim üçün effektivdir. Biz müntəzəm olaraq Türkiyə ilə əlaqə saxladığımızdan bunun bizim üçün çox əhəmiyyəti var. Məsələn, Azərbaycanda saat 20:00 olanda, yəni gündəmə yekun vurulanda Türkiyədə hələ saat 18:00 olurdu. Axşam saatı üçün xəbərlər hazırlandığından insan dincəlməyə vaxt tapa bilmir. Azərbaycan saatı ilə yuxudan qalxmaq, Türkiyə saatı ilə işləmək məcburiyyətindəsiniz (gülür). Amma bunun da öhdəsindən gəldik, iki il sürətlə keçdi. Əslində, TRT-nin Bakı təmsilçiliyində vəzifə müddəti iki ildir, ancaq mənim fəaliyyətimi daha iki il uzatdılar. 

- İkiilik fəaliyyətiniz müddətində TRT-nin Bakı təmsilçiliyinin işini necə dəyərləndirirsiniz?

- Bu müddət ərzində TRT-nin Bakı təmsilçiliyi həm ikitərəfli əlaqələrin qurulması, həm də yayım sahəsində bir sıra yeniliklərə imza atıb. Bu da yalnız mənim fərdi qabiliyyətimdən qaynaqlanmır. TRT rəhbərliyinin Azərbaycanın müvafiq qurumları, xalqla əməkdaşlığının nəticəsidir. Biz də öz təcrübələrimizdən yola çıxaraq buna töhfə verməyə çalışdıq. Xocalı və 20 Yanvar faciələrinin ildönümlərində Bakıdan üçsaatlıq canlı yayım həyata keçirdik, hadisələrin canlı şahidlərini danışdırdıq. Bu faciələrin mahiyyətini Türkiyə və bütün dünyaya çatdırdıq.

Biz hər fürsətdə Dağlıq Qarabağ problemini dünyanın diqqətinə çatdırmağa çalışırıq. Azərbaycan hadisələrin intensiv cərəyan etdiyi ölkədir. Bu gənc dövlət həm müstəqilliyinin 25 ilini yeni qeyd edir, həm torpaqları işğal altında olduğundan dünyaya haqq səsini duyurmaq məcburiyyətindədir, həm də işğalı, problemlərini hər fürsətdə dinc şəkildə dilə gətirməyi bacarır. Biz də bu səsə səs verməyə çalışırıq. Azərbaycan Avropa Oyunları, Formula 1 yarışları, müxtəlif beynəlxalq tədbirləri səsini dünyaya çatdırmaq üçün fürsət kimi dəyərləndirir. Bizim də bu fürsətlərdən yararlanaraq həqiqətləri Türk dünyasına və dünyaya ötürmək vəzifəmiz olduğunu düşünürəm.

TRT-nin 15 televiziya, 17-yə yaxın radio kanalı var. Eyni zamanda 24 dildə yayımlanan "Türkiyənin Səsi" radiosu fəaliyyət göstərir. Bunların hər birində Azərbaycanla bağlı xəbərlər verilir. Gün ərzində TRT bülletenlərinə Azərbaycanla bağlı bir və ya iki xəbər daxil olur. Azərbaycanın 25 illik müstəqillik tarixində Xocalı abidəsi qarşısında təşkil edilən tədbiri ilk dəfə canlı yayımlayan xarici yayım şirkəti olduq. Tədbiri  "TRT 1", "TRT Türk", "TRT Avaz" və "TRT Haber" kanalından canlı yayımladıq. Bu işdə Azərbaycan dövlət televiziyası (AzTV) da bizə dəstək oldu.

TRT-nin Bakı təmsilçisinin məqsədi Azərbaycanın səsi olmaqdır. Bu işi görmək üçün Azərbaycanın yaxın tarixində olub-bitənləri araşdırır və müxtəlif proqramlar vasitəsilə dünyaya çatdırmağa çalışırıq. Məsələn, Xocalı faciəsi və qaçqınların taleyindən bəhs edən proqramlar hazırladıq. Xocalı faciəsini özündə əks etdirən sənədli filim çəkdik, hadisə iştirakçılarını, şahidləri danışdırdıq. Nəticədə bu sahədə bir arxivin yaranmasına səbəb olduq. Həmin materiallar həm bizim, həm Azərbaycanın arxivində var. Eyni zamanda "Youtube"da tapa bilərsiniz. Əslində, biz bir növ tarixi hadisələrlə bağlı qeydlər aparırıq. Buna görə də görülən işlərin arxivlərdə qalması vacibdir. 30-40 il sonra bəlkə də Xocalı faciəsinin canlı şahidlərini tapmaq mümkün olmayacaq. Amma onların danışdıqları arxivdə qalacaq. Bu məlumatlar gələcəyə çatdırılacaq. Hər zaman bir milyona yaxın qaçqın və köçkündən danışırıq. Əslində, onların sayı 23-25 il əvvəl, yəni hadisələr yeni baş verəndə bir milyona yaxın idi. Aradan ötən 25 ildə ailə qurublar, uşaqları dünyaya gəlib. Belə olan təqdirdə hesablasaq, 3 milyona yaxın insan edir. Bu da Azərbaycan əhalisinin 3-dən biridir. Bu, ciddi anlamda bir faciədir. TRT ən yeni keçmişdə yaşanan bu faciyəyə səssiz qala bilmədi. Xocalı ilə bağlı 20 bölüm çəkdik. 13 bölüm də "Qaçqın"ı. Bunlar həm "TRT Avaz"da, həm də "TRT Haber"də yayımlandı. Azərbaycanda keçirdiyim görüşlərdə "TRT Avaz"la birlikdə "TRT Haber" kanalının da birinci paketə salınmasına çalışdım. İndi bütün kabel televiziyalarının ya birinci, ya da ikinci paketində "TRT Haber" də var. Həm Türkiyədə, həm də Azərbaycanda olan radiolarla ortaq yayınlarımız var. "TRT Muzik" telekanalı vasitəsilə Azərbaycanda yaşayan Türkiyə vətəndaşları ilə müsahibələr edirik və Türkiyəyə səslərini, istəklərini çatdırmaqda rol oynayırıq. Bu yaxınlarda TRT FM-lə Azərbaycanın "Asan Radio"sunun birgə həyata keçirdiyi "Tam bu saat" adlı proqram fəaliyyətə başlayıb. Həftənin bazar ertəsi Azərbaycan saatı ilə 18:30-da başlayır və 19:00-a qədər davam edir. Proqramda Azərbaycanda yaşananlar, buradakı ab-hava dinləyicilərə çatdırılır, həm Türkiyədən, həm də Azərbaycandan olan qonaqlar verilişə qatılır.

- Azərbaycan faciələrini özündə əks etdirən proqramlarla bağlı reaksiyalar necə oldu?

- Biz Qroznıya getmişdik və Türkiyəyə qayıda bilmirdik. Həmin vaxt nənəmin danışdığı hekayələr ağlıma gəldi. Sanki babalarımın nələr yaşadıqlarını və həmin hadisələri özümün də daha əvvəl yaşadığım kimi hiss etməyə başladım. Müharibələrdə yaşananlar tək hekayələr deyil, hissiyyat vasitəsilə də ötürülür. Proqramı hazırlayarkən çox qəribə hisslər yaşadım. 

Əvvəlcə "Qaçqın"ı, daha sonra Xocalını çəkdik. "Qaçqın"ı çəkəndə insanlar kamera qarşısında oturur və yaşadıqlarını danışırdılar. Montajda istifadə etdiyimiz arxiv görüntülərimiz var idi. Həmin görüntülərdə əli ermənilər tərəfindən güllə ilə yaralanmış bir uşaq var. Uşaq "evləri yandırdılar, evləri yandırdılar" deyə qışqırır. Həmin səsi biz klipdə də istifadə etdik. Xocalı ilə bağlı şahidlik edən qonaqlardan biri eyni hadisəni anlatdı. Bizim bəhs etdiyimiz uşaq həmin qonağın qardaşı çıxdı. İnsanlar hekayələrini anlatdıqca qəribə gerçəklər də ortaya çıxır. Biz uşağın saçları uzun olduğundan həmin vaxt onun qız olduğunu zənn etmişdik. Amma oğlan imiş. 

Bundan başqa, kliplərdə, fraqmanlarda istifadə etdiyimiz insanlar bugünkü halları ilə qarşımıza çıxırdılar. Proqramlarda qonağımız olanlar bir-birini axtarmağa başladılar. Yəni insanların bir-biri ilə görüşməsinə də səbəb olursunuz. 

Düzdür, görüşdüyümüz insanlardan danışmaq istəməyənlər də olurdu. Həmin insanlar "sanki mən anlatmıram, siz anlayın" deyirdilər. Onların da danışan dili olduq. Həmin vaxt duyğulu anlar yaşasaq da, işimizi gördük. Türkiyədən də çox reaksiyalar aldıq.

- Bəs həmin proqramların Azərbaycan türkcəsi ilə verilməsinə münasibət necə oldu?

- Mən ilk dəfə Azərbaycana 1990-cı ildə gəlmişdim. Buraya gəldiyim zaman indiki kimi danışırdım, hamı məni başa düşürdü, mən də onları. Media orqanı kimi bizim, eləcə də mədəniyyət insanlarının fəaliyyətlərində məqsəd bulaqların ortaq bir məcraya axmasına nail olmaqdır. Ortaq məcra da türk dilidir. Biz bu dildə anlaşmağı öyrənməli və buna alışmalıyıq. Azərbaycan dil baxımından ən rahat anlaşa bildiyimiz coğrafiyadır. Ona görə də proqramları hazırlayarkən insanların yaşadıqlarını öz ləhcələri ilə anlatmalarını istədim. Əvvəlcə proqramın subtitrlə verilməsini təklif etdilər. Mən bunda heç bir problem görmədiyimi, insanların mimikalarını, üz-göz hərəkətlərini özündə əks etdirən proqramı Türkiyə türkcəsi ilə də verə biləcəyimizi bildirdim. Ancaq belədə istədiyin duyğuları almaq mümkün deyil. Çünki subtitr insanların diqqətini çəkəcəkdi, nəticədə görüntülərin anlatdığı məna kənarda qalacaqdı. Madam ki, eyni dildə danışırıq, onda bir-birimizi anlamağa da çalışmalıyıq. Onsuz da tamaşaçı Türkiyədə Azərbaycan türkcəsi ilə yayımlanan proqramları anlayır və ya hiss edir. Bizim də məqsədimiz həmin proqramlarda hissiyyatı önə çıxarmaq idi.

Düzdür, əvvəlcə bir-iki proqramda peşəkarlardan "tam başa düşə bilmədik", "görəsən, subtitrdən istifadə edəkmi?" kimi fikirlər gəldi. Amma bir-iki bölümdən sonra "üzərinə qeyd belə yazmayın" dedilər.

Bu coğrafiyanın tarixi, mədəniyyəti Allahın bizə bir lütfüdür. Burada nə desən səni anlayırlar. Türkiyədəki 80 milyonluq insanın 79 milyonu Azərbaycan dilini çox rahat başa düşüləcək səviyyədə anlayır. O zaman eyni dildə danışmağa davam edəcəyik. Bəzən Azərbaycanda yaşayanlar mənə irad tuturlar ki, "biz sənin dilində danışırıq, sən niyə bizim dilimizdə danışmırsan?" Axı "sizin, bizim dil" deyə bir məsələmi var, eyni dildir (gülür).

- Əvvəllər "TRT Avaz"la İctimai Televiziyanın ortaq yayımladıqları "Yeni gün" proqramını yenidən həmin şəkildə görə biləcəyikmi?

- "TRT Avaz"la İctimai Televiziyanın ortaq yayımladıqları "Yeni gün" proqramı ayrı-ayrılıqda hər iki kanalda var. Ortaq yayınlar yalnız xüsusi günlərdə olur. Amma mən hesab edirəm ki, həftədə ən azı bir dəfə ortaq proqram olmalıdır. Ortaq verilişlər müddətində reklam yayımı ilə bağlı bəzi sıxıntılar yaranırdı. Yəni bu məsələdə problem reklam yayımı ilə bağlıdır. Türkiyədəki bir reklamı burada, Azərbaycandakını orada vermək olmaz. Ona görə də bu sahədə prosesin tam şəkildə formalaşdırılması lazımdır. Biz öz tərəfimizdən ortaq yayımın olmasını istəyirik. "TRT Avaz" kanalının Türk dünyasının ortaq ekranı olmaq iddiası var və hər zaman əməkdaşlığa hazırdır.

- Azərbaycanda TRT-nin digər kanallarının da yayımlanması ehtimalı varmı?

- TRT rəqəmli yayımın verdiyi imkanlardan yararlanmaq niyyətindədir. TRT 1 kanalı ilə yanaşı, "TRT Çocuk" və "TRT Muzik" kanallarının da sosial paketdə yayımlanmasını istəyirik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Milli Televiziya və Radio Şurasına məsələ ilə bağlı müraciət olunub. Əgər razılıq verilsə, bu istəyimiz reallaşacaq.

- Yaxın aylarda TRT-nin Bakı təmsilçiliyinin hansı yeni verilişlərini izləmək imkanımız olacaq?

- Bilirsiniz ki, Bakı-Tbilisi-Qars dəmiryolu Çindən Londona qədər uzanacaq nəqliyyat layihəsidir. Bu layihə qədim "İpək yolu"nun yenidən bərpası anlamına gəlir. Bizim də BTQ üzrə "Dəmir ipək qatarı", ya da "Dəmir ipək yolu" adlandıracağımız bir layihəmiz var. Həmin proqrama Azərbaycan, Gürcüstan və Türkiyədən qonaqlar dəvət olunacaq. Qarşılıqlı şəkildə həmin ölkələrin musiqisi, mədəniyyəti, gözəl məkanlarını, limanlarını anladan bir proqram hazırlamaq istəyirik. 

Bundan başqa, musiqili bir proqram hazırlamağı da düşünürük. Biz Türkiyədə Rəşid Behbudovu, Üzeyir Hacıbəylini özümüzdən ayırmırıq. Müğənnilər, bəstəkarlarla bağlı bir proqramın olmasını istəyirik. 

Daha bir layihəmiz "İtən ləzzətlərimiz" olacaq. Ortaq mətbəximiz tamaşaçıya göstəriləcək. Məsələn, burada olan lülə kababın Türkiyə, digər bir yeməyin Azərbaycandakı qarşılığı və s. göstəriləcək. 

"Sirli diyarlar" deyə Azərbaycanın çox tanınmayan məkanlarından bəhs edən daha bir proqram hazırlamaq niyyətimiz var.

- Bu il Türkiyə çox ağır günlər yaşadı. Azərbaycanda yaşayan Türkiyə vətəndaşı olaraq dövlətimizin, xalqımızın bu hadisələrə münasibətində nələri müşahidə etdiniz?

- Mən 25 ildən çoxdur mətbuat sahəsində işləyirəm. Azərbaycanla Türkiyə arasında yaxın münasibətlərin digər dünya dövlətləri arasında oxşarını görmədim. Məsələn, 15 iyulda yaşananlardan sonra Azərbaycan hadisəyə ilk reaksiya verən və Türkiyəyə dəstək verən ölkələrin başında oldu. Həm prezident, həm vətəndaşlar Türkiyə xalqının yanında olduqlarını göstərdilər. Həmçinin sonrakı müddətdə. Azərbaycan Türkiyəyə qarşı bütün hücumlarda öz mövqeyini ortaya qoyan və bunu da açıq şəkildə dünyaya diqtə edən bir ölkədir. Bu cür yaxın əlaqələri digər bölgə dövlətlərində də görmək, onların da bu münasibətlərdən nümunə götürməsni istərdim. 

Biz tarixdə bir millətin bir-birindən sərhədlərlə qoparılmasının mümkün olmadığını gördük. Mən Qafqaz əsilliyəm. Nənəmin məsəlləri və mahnıları ilə böyüyən bir insanam. İğdırlı qonşularımız var idi, Azərbaycan əsilli olduqlarını deyirdilər. Kimlərsə soruşanda "biz də azərbaycanlıyıq" deyərdik. Uşaqlıq illərimiz insanlarla daha sıx əlaqəli şəkildə keçib. Məhəllə uşaqları ilə birlikdə böyümüşük. Şəhərləşmə insanları yalnızlaşdırır. Məhəllə ilə birlikdə ortaq rənglər, mədəniyyətlər əhatəsində böyüyürsən. Türkiyəyə baxdığında bir mozaika görürsən. Orada yaşayan insanlar ortaq bir tarixin, mədəniyyətin varisidir. Zamanında sovetlər dəmir sərhədlərlə xalqlarımızı bir-birindən ayırmağa çalışsalar da, buna nail ola bilmədilər. Məsələn, mədəniyyətlər olduğu kimi qaldı, çünki ayırmaq mümkün deyil. Mədəniyyəti daşıyan insanlardır. Bu məhfum xalqların genetik hafizəsində yaşayır.

1990-cı ildə Azərbaycana ilk gəldiyimizdə ağlımızda bir sual vardı. Bu insanlarla nə cür, hansı dildə danışıb anlaşacağıq. Bura gəldiyimizdə gördük ki, hər kəs bizimlə eyni dildə danışır. 1992-ci ildə bir azərbaycanlı xanımla evləndim. Həyat yoldaşım Azərbaycan Xalq Rəqsləri Ansamblında çalışırdı. Rəsmi bir tədbirdə rəqslərin nümayişi əsnasında tanış olmuşduq. Artıq 24 ildən çoxdur evliyik, bir oğlumuz var. Hazırda Kanadada təhsil alır.

1995-ci ildən sonra Azərbaycana gəlməmişdim. 2014-cü ildə təkrar Bakıya gəldiyimdə yeni bir Azərbaycan, Bakı gördüm.

- Burada dost-tanışınız çoxdurmu, onlarla görüşmək, toylara qatılmaq fürsətiniz olurmu?

- Dostlar, tanışlar çoxdur, amma görüşməyə o qədər fürsətim olmur. Azərbaycanın rayonlarını çox görməmişəm. Məzuniyyət götürüb istirahətə getmədim. Yəqin ki, proqramlar hazırladıqca gəzərəm.

Vaxtilə Azərbaycanda keçirilən toy mərasimi zamanı sağdışlığımı edən dostum bu günlərdə zəng edib niyə mənim onu axtarmadığımdan narazılıq etdi. Mən çox vaxt işə nə zaman gedib-gələcəyimi də planlaşdırmıram. Bəzi vaxtlar işini bitirdikdən sonra mənimlə sağollaşmağa gələn xadimənin səsinə başımı qaldırıb saata baxıram və 18:00 olduğunu görürəm. Fürsət olduqca toylara da gedirəm. Toylara gedəndə də məni səsgücləndiricilərin yaxın olduğu masada əyləşdirirlər, səsdən birtəhər oluram (gülür).  

Son xəbərlər

Bütün Xəbər Lenti