Bakıda Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin rəsmi açılış mərasimi olub.
"Report" xəbər verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu layihə sadəcə bilik və bacarıqların təkmilləşdirilməsi üçün deyil, həm də çoxtərəfli münasibətlərin gücləndirilməsi üçün effektiv və səmərəli platformadır.
Əhməd İsmayılov qeyd edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində media sahəsində əlaqələrin gücləndirilməsinə töhfə verir və hazırkı layihə media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması, müxtəlif ortaq platformalar vasitəsilə ölkələrimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayacaq. O, Azərbaycanda jurnalistlərin peşəkarlığının və informasiya istifadəçilərinin media savadlılığının artırılması məqsədilə həyata keçirilən mühüm tədbirlərdən danışıb, media sahəsində sağlam rəqabət mühitinin gücləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb.
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova universitetin bu istiqamətdəki fəaliyyəti və bir həftə davam edəcək təlimlərin proqramı barədə məlumat verib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyinə toxunub.
Sonra tədbir ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyeva tərəfindən “Müasir qlobal media trendləri”, xarici ekspert Ornella Ramasauskaite tərəfindən “Media-kommunikasiya”, “Fake news”, dezinformasiya və onlayn mediada nifrət nitqi” mövzularında təlimlərlə davam edib.