Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə regional medianın inkişafına dair müzakirələrin aparılması məqsədilə Quba şəhərində şimal bölgəsində fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib.
"Report"un Şimal bürosu xəbər verir ki, görüşdə Mətbuat Şurası, Audiovizual Şura və UNEC Tədqiqat Fondu da təmsil olunub.
Görüşün məqsədi regional medianın inkişafı istiqamətində effektiv və zəruri addımların atılması, bu mövzuda həllyönümlü müzakirələrin aparılması, regional mediada sahə yeniliklərinin təbliğinin sürətləndirilməsi və bu prosesdə peşəkar kadrların yaxından iştirakının təmin edilməsidir.
Zəfər günü ərəfəsində baş tutan görüşdən əvvəl tədbir iştirakçıları Qubada ulu öndər Heydər Əliyevin abidəsi və “Media şəhidləri” parkını ziyarət ediblər.
Görüşün əvvəlində dövlət himni səsləndirilib, ümummilli liderin və Vətən müharibəsi şəhidlərinin xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov açılış nitqində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin ölkə mediasının fəaliyyətində böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb, region mediasının kadr potensialının gücləndirilməsinə töhfə verilməsi, media nümayəndələrinin fərdi və peşəkar inkişafının təmin edilməsi məqsədilə müxtəlif layihələrin icrasının zəruriliyini qeyd edib.
Mətbuat Şurasının sədri Rəşad Məcid regional medianın inkişafı istiqamətində MEDİA-nın və MŞ-in birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib, region mediasında yeniliklərin tətbiqi məqsədilə atılan addımların ümumilikdə ölkə mediasının inkişafına müsbət təsir göstərəcəyini bildirib.
Görüş regional medianın texniki infrastrukturunun gücləndirilməsi, kadr peşəkarlığının və iqtisadi müstəqilliyinin artırılması mövzusunda müzakirələrlə davam edib.
Daha sonra, görüş çərçivəsində MEDİA-nın nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın təqdimatında region gənclərinin iştirakı ilə “Media savadlılığı” mövzusunda təlim baş tutub.
Təlimdə regionlarda media savadlılığı ilə bağlı vəziyyətin müəyyənləşdirilməsi, bu istiqamətdə müxtəlif tədbirlərin təşkili ilə əlaqədar fikir mübadiləsi aparılıb.