"Report" İnformasiya Agentliyinin (İA) Report Media Məktəbinin sayca 13-cü qrupu yeni təlim proqramına qoşulub.
Müraciət edənlərdən 11 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.
“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Report Media Məktəbinin tələbələri ilə görüşdə bildirib ki, jurnalistikada uğur qazanmaq insanın öz bilik və bacarığına bağlı olan məsələdir:
“Report Media Məktəbində bilik, təcrübə əldə etməklə siz peşəyə daha dərin yiyələnə biləcəksiniz. Prosesdə aktiv olmaq, davamlı olaraq tədbirlərə qoşulmaq da tələb olunur. Təlimin əsas məqsədi xəbər yazmağı ətraflı öyrənmək, xəbər duyumunu gücləndirməkdir”.
Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu təlim proqramında bəzi yeniliklərin də olduğunu qeyd edib:
“Report Media Məktəbində təlim prosesinin bir qədər uzadılmasına qərar verilib. Gənc jurnalistin xəbəri operativ əldə etməsi, onu hazırlamaq bacarığını daha da gücləndirməsi üçün bəzən zaman kifayət etmir. Tələbənin daha keyfiyyətli məhsul hazırlanmasına daha çox güc sərf etməli oluruq”.
Qeyd edək ki, Report Media Məktəbi 2018-ci ildən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.