“Report”un baş redaktoru: "Oxucu hay-küylü başlıqlardan bezib" - VİDEO

“Report”un baş redaktoru: "Oxucu hay-küylü başlıqlardan bezib" - VİDEO Belarusun birinci milli telekanalı mediadakı “fake news” probleminə həsr olunan “Klikbeytdən feykə” adlı veriliş hazırlayıb.
Media
5 İyun , 2019 11:21
“Report”un baş redaktoru: Oxucu hay-küylü başlıqlardan bezib - VİDEO

Belarusun birinci milli telekanalı mediadakı “fake news” probleminə həsr olunan “Klikbeytdən feykə” adlı veriliş hazırlayıb. 

Müəlliflərin qeyd etdiyi kimi, "fake news", yəni saxta xəbərlər heç də bizim dövrün məhsulu deyil, lakin ötən əsrin soyuq müharibəsi dövründə dünya mediası gerçəkliyi təhrif edərkən, hər halda, müəyyən qədər gerçəkliyə istinad edirdisə, bu gün həmin gerçəkliyə əhəmiyyət verənlər yox dərəcəsindədir. Və bu fikrin davamı olaraq verilişdə aşağıdakı suallar qoyulur:

- Başlığı klikləməyə sizi vadar edən kimdir? Fake xəbərlər gələcəyin siyasətini, iqtisadiyyatını necə müəyyənləşdirir?

- Fake xəbərlər niyə məhz sosial şəbəkələrin ortaya çıxması ilə oxucu təbəqəsini artırmağın səmərəli vasitəsinə çevrilib?

- Fake xəbərlərə nüfuzlu KİV-in belə qapısını açanlar kimdir?

Bu sualları müəlliflər bu yaxınlarda Vyanada keçirilən Avropa Qəzetçilik Konqresi (European Newspaper Congress) zamanı media ekspertlərinə ünvanlayıblar.

Konqresin təşkilatçısı olan avstriyalı naşir İohann Oberauer (Johann Oberauer) “Facebook” və “Google”u dəniz quldurları ilə müqayisə edib: “Bir çox KİV-lər hücuma məruz qalaraq batıb. Qalanlar siyasət zümrəsini köməyə çağırmaqda bir qədər gecikib. Hər yerdə əsl jurnalistlər də, bütövlükdə cəmiyyət də fake xəbərlər problemilə üzləşir. Üstəlik, KİV-ə tanınmış siyasətçilərin münasibəti də ürəkaçan deyil, bəziləri hətta düşmən kəsilib. Odur ki, ehtiyatlı olmalıyıq, bu prosesləri idarə etməyi öyrənməliyik. Ola bilsin, əlavə qaydalar da tətbiq olunmalıdır. Hər halda, bütün bu təhdidlərə qarşı durmağı bacarmalıyıq”.

Avstriyalı naşir İohann Oberauer

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev də cəmiyyətin artıq hay-küylü başlıqlardan, qıcıqlandıran xəbərlərdən bezdiyini qeyd edib: “Ona görə də çoxları "fact cheking"ə əl atır, yəni oxuduqları xəbəri yoxlamağa başlayırlar”. 

Baş redaktor bunun üçün oxucuların daha çox ənənəvi mediaya üz tutduqlarını dilə gətirib: “Biz Report.az-da hər səhər işləyəcəyimiz materailları, mövzuları planlayırıq və hər gün şəbəkədə yayılan xəbərlərin dürüstlüyünü yoxlamaq üçün xeyli vaxt və qüvvə sərf etməli oluruq. Lakin nə qədər vaxt sərf etməyimizə baxmayaraq cəmiyyətin marağına səbəb olan hər bir xəbəri yoxlamalıyıq. Belə ki, insanlar “Facebook”da xəbəri oxuyan kimi geniş müzakirə etməyə başlayırlar”.

M.Əliyev sosial medianın üstünlüyü kimi xəbərlərin sürətlə yayılması qeyd edilib: “Haradasa bir problem ortaya çıxan kimi bundan xəbər tuturuq. Əvvəllər problemlərdən bir gün, iki gün sonra xəbər tuturduqsa, indi kimsə eyvana çıxıb nəsə görən kimi yerindəcə görüntüyə alıb paylaşır. Biz də vaxt itirmədən məsələni aydınlaşdırmaq üçün aidiyyəti qurumlarla əlaqə saxlamalı oluruq”.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev

Belaruslu jurnalistlər verilişə yekun vuraraq jurnalistikanın heç də ölmədiyini, sadəcə, mövcud şəraitdə dəyişdiyini qeyd edirlər. Yəni mediada inhisarçılığın azalması ilə yanaşı, dəst-xət, savad, cəsarət, hadisələrə bələd olmaq kimi təməl meyarlar əvvəlki tək əhəmiyyətini qoruyub saxlayır.

 

Son xəbərlər

Orphus sistemi