Qurban Yaquboğlu Report Media Məktəbində: “Dilimiz strateji nöqtəmizdir”

Qurban Yaquboğlu Report Media Məktəbində: “Dilimiz strateji nöqtəmizdir” “Yazı bəşəriyyətin ən böyük və mistik kəşfidir”.
Media
15 Mart , 2023 15:53
Qurban Yaquboğlu Report Media Məktəbində: “Dilimiz strateji nöqtəmizdir”

“Yazı bəşəriyyətin ən böyük və mistik kəşfidir”.

“Report” xəbər verir ki, bu sözləri yazıçı-publisist, jurnalist Qurban Yaquboğlu Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.

“Qarabağın əhəmiyyəti kimi yazılı dilimiz də bizim strateji nöqtəmizdir” - o, vurğulayıb.

Peşə təcrübəsini gənc jurnalistlərlə bölüşən Qurban Yaquboğlu hazırlanan hər xəbərin bir sənəd olduğunu deyib:

“Jurnalistin yazısı zamanla sənədə çevrilir. Yəni xəbərin oxucusu indiki nəsil olmaqla bərabər, həm də gələcək nəsildir. Jurnalist informasiya yaza bilirsə, peşənin əsas tələblərinə cavab verir. Xəbər yazmaq vacibdir, çünki bu zaman jurnalist öz fantaziyasına deyil, olmuş fakta əsaslanır”.

Publisist dilin milli toplumun ən əhəmiyyətli atributu olduğunu da vurğulayıb:

“Jurnalist dilin qoruyucusudur. Dünyada dil toplumun indisi və gələcəyinə söykənən mühüm amildir. Təkcə şifahi nitq dili qorumağa kifayət etmir, yazı dili də inkişaf etməli, jurnalist isə onun üslubunu bilməlidir”.

Qeyd edək ki, 1968-ci ildə Şamaxının Çöl Göylər kəndində anadan olan Qurban Yaquboğlu dünən 55 illik yubileyini qeyd edib.

Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. Müxtəlif qəzet və jurnallarda ədəbi-bədii, publisistik yazıları, o cümlədən 1990-cı ildən “Xəzər” jurnalında silsilə şerləri "Jurnal içində kitab" formatında nəşr edilib. 2000-ci ildə çapdan çıxmış "Min beş yüz ilin Oğuz şeri" antologiyasına şeirləri (ikinci kitab) daxil edilib.

1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə gənc şair kimi Prezident təqaüdü alıb. 2018-ci ildə "Mən yoxam" adlı kitabı nəşr edilib. 2015-ci ildə Azərbaycan mətbuatının 140 illiyi münasibətilə jurnalistika sahəsindəki fəaliyyətinə görə "Tərəqqi" medalına layiq görülüb. Hazırda Teleqraf.com saytının redaktorudur.

Son xəbərlər

Orphus sistemi