“Azərbaycanda yüzlərlə onlayn media olsa da, strukturu bəlli deyil. Yeni “Media haqqında” qanun layihəsi imkan verəcək ki, onların hüquqları tanınsın”.
“Report” xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda 28 minədək jurnalist adı altında fəaliyyət göstərən şəxs var: “Halbuki onların çoxu bu işə biznes sahəsi kimi yanaşıb işləyir. Həmin şəxslər bu işə öz metodologiyaları ilə yanaşır. Onlar bu sahədə öz birjalarını qurub, bizneslərini yaradırlar. Yeni layihənin bir çox üstünlükləri olsa da, bəzi narahatlıq yaradan məqamlarda var. Misal olaraq, media barəsində hazırkı qanunvericilikdə media üzərində senzuranın yolverilməzliyi barədə müddəa var. Lakin bəzi istisna məqamlarda senzuranın olması qəbulediləndir. Bu hal ölkənin fövqəladə və hərbi vəziyyət zamanına aiddir. Ona görə də belə istisna hallar mütləq qeyd olunmalıdır ki, Avropada qınaq obyektinə çevrilməyək”.
M.Ələsgərli eyni zamanda, media sahəsində cinayətə yol verib tutulan və azadlığa çıxan şəxslərin yenidən bu sektorda fəaliyyət göstərməsi üçün qoyulan məhdudiyyəti məqbul hesab edib: “Məhdudiyyətlərin qoyulması üçün bu istisna halın olması qeyd olunmalıdır”.