Modern.az saytının fəaliyyətə başlamasından 8 il ötür

Media
  • 01 sentyabr, 2017
  • 06:31
Modern.az saytının fəaliyyətə başlamasından 8 il ötür

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gün Modern.az xəbər agentliyinin yaranma günüdür.

“Report”un xəbərinə görə, saytın fəaliyyətə başlamasından 8 il ötür.

2009-cu ilin sentyabrın 1-də yaradılan Modern.az saytı Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.

Saytın təsisçisi Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, baş redaktoru isə Əfqan Qafarlıdır.

E.Eyvazlı “Report”a saytla bağlı fikirlərini bölüşüb: “Biz bundan daha da yüksəkdə olmalıyıq. İstərdik ki, televiziyamızı yaradaq, başqa planlarımız da var. Bunlar hamısı maddi imkana bağlı olan məsələlərdir. İndiki vəziyyət bizi qane etmir. Yəni, qane olsaq, fəaliyyət maraqsız olar. Düşünürəm ki, Modern.az saytı etibarlılıq, peşəkarlıq məsələsində özünü doğruldub. Yaranan gündən qarşımıza qoyduğumuz məqsəd bu olub ki, sifariş yerinə yetirməyək, kiminsə şərəf və ləyaqətinə toxunmayaq. Dediyim məsələlər diqqətdə saxlanılacaqsa, saytın oxunmasında problem olacaq. Ya oyun oynamalısan, ya da düzgün fəaliyyət göstərməlisən. Amma hesab edirəm ki, Modern.az saytı üçün qarşıya qoyulan məqsəd daha doğrudur”.

Təsisçi qeyd edib ki, Azərbaycanda ciddi saytların müxtəlif dillərdə olması vacibdir: “Ciddi mətbu orqanların, o cümlədən Modern.az-ın başqa dillərdə xəbər tirajlamasına böyük ehtiyac var. Azərbaycanda milli-mənəvi dəyərləri əsas tutan, dövlətçiliyə xidmət edən kifayət qədər sayt var. Amma burada bir məsələyə diqqət etmək lazımdır, saytda xəbər hansı dildə çıxırsa, o dilin sahibinin düşüncəsinə uyğun olmalıdır. Məsələn, Yevlaxda pambıq yığımı ilə bağlı xəbəri başqa dillərə tərcümə etmək əhəmiyyətsiz məsələdir”.

“Report” İnformasiya Agentliyi olaraq Modern.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!