Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirilib

Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirilib Bu gün Azərbaycan Mətbuat Şurasında Vətən Müharibəsinin iştirakçısı olmuş jurnalistlərlə görüş keçirilib.
Media
18 Oktyabr , 2022 16:31
Mətbuat Şurasında Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib.

Bu barədə "Report"a Şuradan məlumat verilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş övladlarımızın, şəhid media təmsilçilərinin xatirələri bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid iştirakçıları Müstəqilliyimizin Bərpası Günü münasibətilə təbrik edib. O, Mətbuat Şurasının indiyədək cəbhədə döyüşmüş media təmsilçiləri ilə əlaqələrindən söz açaraq bildirib ki, Əflatun Amaşov MŞ-yə rəhbərlik etdiyi dövrdə bu kateqoriyadan olan şəxslərə həssas münasibət göstərib. Onların cəbhə xatirələrini yazı şəklinə salmalarını tövsiyə edib.

R.Məcid məsələyə daha sistemli yanaşılacağını, planlaşdırılmış işin – cəbhə jurnalistlərinin xatirələrindən ibarət kitabın nəşrinin həyata keçiriləcəyini vurğulayıb. Toplantıya gəlincə, MŞ sədri tədbirin fikir mübadiləsi, təkliflərin verilməsi, problemlərin dilə gətirilməsi baxımından açıqlığını bildirib. R.Məcid həmçinin, rəhbərlik etdiyi qurumun müharibə vaxtı qələmini süngüyə çevirmiş jurnalistlərə bundan sonra da həssas münasibət göstərəcəyini dilə gətirib.

Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri, “Qaziler.az” saytının rəhbəri, müharibə veteranı Rey Kərimoğlu bildirib ki, jurnalistlər hər zaman cəmiyyətin öndə gedən təbəqələrindən olublar. Vətən müharibəsi dönəmində də bunu sübuta yetirdilər. Həm informasiya cəbhəsində döyüşdülər, həm cəbhə bölgəsinə yollanaraq reportajlar hazırladılar, həm də əllərində silah torpaqlarımızın azadlığı naminə mübarizə apardılar.

MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Şuranın Vətən müharibəsi günlərində cəbhədə döyüşmüş jurnalistlərə dəstək məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açıb. Məlumat verib ki, həmin müddətdə MŞ İdarə Heyətinin üzvləri onların ailələrinə baş çəkdilər, müəyyən miqdarda maddi yardım göstərdilər, bu şəxslər sonra da diqqətdə saxlanıldılar. M.Ələsgərli onu da bildirib ki, müharibəyə hərbçi kimi yollanmış media təmsilçiləri son dərəcə nümunəvi mövqe ortaya qoydular, jurnalist marağının onlara güc gəlməsinə imkan verməyərək soyuq davrandılar, sırf döyüşçüyə çevrildilər. İH üzvü çıxışında, həmçinin, vaxtilə torpaqlarımızn işğalı nəticəsində məcburi köçkün durumuna düşmüş kütləvi informasiya vasitəsi redaksiyalarının təsnifatının aparıldığını, 22 media orqanından 128 əməkdaşın müəyyənləşdirildiyini diqqətə çatdırıb.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Vətən müharibəsində cəbhədə döyüşmüş, səfərbərliyə cəlb olunmuş jurnalistlərlə yanaşı, qaynar nöqtələrdə peşə borcunu yerinə yetirmiş media təmsilçilərinin də əməyinin yüksək qiymətləndirilməli olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın mövcud istiqamətdə gördüyü işlərdən söz açıb, birgə fəaliyyətin, qarşılıqlı əməkdaşlığın daha faydalı nəticələr doğuracağına inamını ifadə edib.

MŞ İdarə Heyətinin üzvü, Modern Media Qrupun rəhbəri Elşad Eyvazlı çıxışında cəbhədə döyüşmüş jurnalistlərin xatirələrinin yer alacağı kitabın hazırlanması üzərində dayanıb. Bu istiqamətdə görüləcək işlərdən söz açan İH üzvü ideyanın daha da genişləndiriləcəyini, video müsahibələrin də təşkili imkanlarının dəyərləndiriləcəyini vurğulayıb.

Vətən müharibəsi iştirakçıları olan jurnalistlərdən “Təbib” qəzetinin baş redaktoru Məğrur Əliyev, İTV-nin əməkdaşı Şöhrət Eyvazov, “Ədalət” qəzetinin əməkdaşı Emin Piri, Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov, “Bakı xəbər” qəzetinin baş redaktoru Nahid Salayev, İTV telekanalının əməkdaşı Xanlar Mehdiyev, ATV telekanalının əməkdaşı Rza Bəbirov, “Cumhuriyyet.az” saytının baş redaktoru Nəsimi Şərəfxanlı və başqaları çıxışlarında Mətbuat Şurasının cəhbədə döyüşmüş jurnalistləri bundan sonra da diqqətdə saxlayacağına inandıqlarını bildiriblər. Onlar Vətən müharibəsi iştirakçıları olmuş media təmsilçilərinin vahid reyestrinin hazırlanmasını, Şuranın saytında onlarla bağlı ayrıca guşənin yaradılmasını, həmçinin, qurumun tərkibində müharibə iştirakçısı olmuş jurnalistlərin məclisinin formalaşdırılmasını təklif ediblər. MŞ sədri R.Məcid səslənmiş təkliflərin qeydə alındığını və Şuranın İdarə Heyətində müzakirəyə çıxarılacağını bildirib.

İclasda müharibə iştirakçısı olmuş media təmsilçilərinin sosial vəziyyətləri istiqamətində də geniş fikir mübadiləsi aparılıb. Xüsusən onların mənzil-məişət şəraiti müzakirəyə çıxarılıb. Bildirilib ki, cəbhədə döyüşmüş jurnalistlər müharibə veteranı kimi müəyyən imtiyazlara malikdirlər. Bu imtiyazlar sırasında mənzil məsələsi üzərində xüsusu dayanılıb. Mövcud kontekstdə jurnalistlərin mənzillə təminatı məsələsinə toxunulub.

Tədbirdə həmçinin cəbhədə döyüşmüş media təmsilçilərinin özlərinin təşkilatlanmalarının, biri-biriləri ilə müntəzəm əlaqə saxlamalarının vacibliyindən söz açılaraq onların Mətbuat Şurası ilə əlaqələrinin tənzimlənməsi üçün koordinator müəyyənləşdirmələri məqsədəuyğun sayılıb. Bu baxımdan “Təbib” qəzetinin baş redaktoru Məğrur Əliyevin namizədliyi üzərində dayanılıb və təsdiqlənib.

Görüşdə maraq doğuran digər məsələlərə də toxunulub, belə toplantıların müntəzəm şəkildə təşkili qərara alınıb.

Son xəbərlər

Orphus sistemi