Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“Report” xəbər verir ki, müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident!
Sizin ölkəmizə rəhbərliyinizin 20 ili tamam olur.
Siz ötən iyirmi ildə hər bir azərbaycanlının Prezidenti, lideri olmağı bacarmış dövlət başçısısınız. Bu, yalnız sözdə ifadə olunan deyim yox, mütləq gerçəklik, danılmaz reallıqdır. Elə bir reallıq ki, özündə canlı tarixi yaşadır. Sizin sayənizdə ölkəmizin son iyirmi ili hər bir vətəndaşın, qəlbi Azərbaycan sevdası ilə döyünən hər bir şəxsin düşüncəsində böyük və şanlı tarixdir. Bu tarixi yaradan Siz olmusunuz!
Azərbaycanın bütün sahələrdə tərəqqisi və dinamik inkişafı, dünya dövlətləri sırasında özünə layiqli yer tutması fədakar əməyinizin qürur dolu məhsuludur. Cəmiyyətimizin bütün təbəqələrinin təmsilçiləri kimi, media nümayəndələri də bu qüruru və fəxarət hissini yaşayırlar. Prinsipial və qətiyyətli mövqeyinizin böyük Azərbaycan davası naminə olduğunu görmək və duymaq bizləri bəxtiyar edir. Dövlətimizin mövqeyini, Prezident və Ali Baş Komandan kimi fikirlərinizi son dərəcə səlis şəkildə bəyan etməklə, bütövlükdə siyasi nitqin, ictimai-publisistik üslubun mükəmməl örnəyinə imza atmısınız. Qəlbimizi Sizə olan dərin rəğbət hissi ilə dolub-daşdıran həm də budur.
Jurnalistikaya diqqətiniz, peşənin nüfuzunun yüksəldilməsinə həssas yanaşmağınız, onun ölkəmizin həqiqətlərinin təbliği istiqamətindəki missiyasına verdiyiniz dəyər yüksək qədirbilənlik nümunəsidir. Dövlət idarəçiliyində, beynəlxalq münasibətlərdə, milli mənafe naminə mübarizədə medianın rolunu, jurnalistlərlə məqsədyönlü ünsiyyətin nə dərəcədə yüksək önəm daşıdığını bütün aydınlığı ilə nümayiş etdirmisiniz. Ona görə media ilə bağlı çıxışlarınızda səsləndirdiyiniz hər bir fikri sahənin daha da inkişafına yönələn yol xəritəsi kimi qəbul edirik. Media və mətbuata göstərdiyiniz həssas münasibət jurnalistlərlə işgüzar təmaslara verdiyiniz önəm bu il Milli Mətbuat Günündə müqəddəs, əziz Şuşamızda gerçəkləşən Beynəlxalq Media Forumunda da örnək sayılacaq təcəssümünü tapdı.
Siz jurnalist əməyinə dövlət səviyyəsində ali qiymət verilməsini ənənə halına gətirən, jurnalistikamızın potensialını dövlətimizin və cəmiyyətimizin maraq və mənafelərinin qorunmasına səfərbər edən mükəmməl institusional baza yaratmısınız. Həyata keçirdiyiniz islahatlar nəticəsində bu gün peşəmiz təşkilatlanmış struktura malikdir. Sərəncamınız əsasında yaradılmış Medianın İnkişafı Agentliyinin reallaşdırdığı fəaliyyət, beynəlxalq standartlara cavab verən “Media haqqında” Qanunun qəbulu sahəyə fundamental yanaşmanı ortaya qoymaqdadır. Bütün bunlar isə qarşımızda yeni vəzifələr müəyyənləşdirməkdədir. Çalışacağıq ki, etimadınızı gözləntiləriniz səviyyəsində doğruldaq. Əlbəttə, onu da yaxşı dərk edirik ki, Sizin kimi, sözün əsl mənasında, dünya miqyaslı dövlət adamının etimadını doğrultmaq son dərəcə müstəsna məsuliyyətdir.
Möhtərəm cənab Prezident!
Siz həm dahi siyasi xadim, böyük hərbi strateq, həm də informasiya cəbhəsində, media-mətbuat müstəvisində haqlı savaş aparmağın ustası olaraq təkrarsız nümunələr göstərdiniz. Vətən müharibəsi günlərində dünyanın nüfuzlu media orqanlarına, tanınmış jurnalistlərə müsahibələriniz, televiziya ilə çıxışlarınız xalqımıza və ordumuza döyüş ruhu, möcüzəvi qələbə əzmi aşılamaqla yanaşı, istər siyasi xadimlərə, istərsə də media nümayəndələrinə əsl ustad dərsləri kimi tarixə həkk olundu. Gərgin əməyinizin nəticəsi gözlərimiz önündədir.
Bu gün Siz xəyalların gerçəkləşdiyi böyük Azərbaycana rəhbərlik edirsiniz. Ötən iyirmi ildəki arzu və ideyalarda başlıca xətti isə Qarabağ amalı təşkil edib. Əminliklə deyə bilərik ki, liderlik keyfiyyətləriniz bu amalı vahid hərəkat halına gətirdi. Elə bir hərəkat ki, xalqımızı xoşbəxtlik, Sizi Müzəffərlik məqamına ucaltdı. Bu gün əminliklə onu da deyə bilərik ki, Ümummilli liderimiz Heydər Əliyevin ruhu şaddır. Çünki onun başladığı Qarabağ davası müasir liderlik xarakterinizdən irəli gələn xüsusiyyətlər nəticəsində məntiqi sonluğuna – Zəfərinə qovuşub. Bu səbəbdən Sizə dövlət başçısı kimi fəaliyyətinizin iyirmi illiyi ilə bağlı ürəkdən gələn düşüncələrimizi çatdırarkən, Azərbaycan torpaqlarının işğaldan tamamilə azad edilməsi, dövlətimizin suverenliyinin bütün ərazilərimizdə bərpası münasibətilə dərin təşəkkürümüzü də bildirməyi özümüzə borc sayırıq.
Möhtərəm cənab Prezident!
Ölkəmizə rəhbərliyiniz dövründə millətimizə nəhayətsiz sevinc və qürur hissləri yaşatdığınız üçün Sizə Azərbaycanın çoxminli jurnalistlər ordusu adından sonsuz minnətdarlığımızı çatdırır və qarşıdan gələn dövrdə Sizin rəhbərliyiniz ilə xalqımızın daha böyük nailiyyətlər əldə edəcəyinə, dövlətimizin şanlı qələbələr qazanacağınıza əmin olduğumuzu bildiririk.
Tanrı Sizi qorusun!
Tanrı Vətənimizi qorusun!"