Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş “Media və dini təhlükəsizlik” mövzusunda konfrans keçirilib, tədbirdə "Report"un üç əməkdaşı mükafatlandırılıb.
"Report" xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və media orqanlarının rəhbər şəxslərinin, habelə dini icma və digər ictimaiyyət nümayəndələri və deputatlar iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında cəmiyyətin həyatında medianın mühüm roluna diqqət çəkib, ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə toxunub:
"Azərbaycanda nümunəvi din-dövlət modeli var. Azərbaycan dünyəvi dövlətdir. Bu gün ölkəmizdə müxtəlif dini konfessiyalar bir arada yaşayır. Din siyasətdən kənarda olsa da, bəzən din adı altında müxtəlif dairələr bundan sui-istifadə edərək mənfur niyyətlərinə çatmaq istəyirlər. Bütün dinlər insanları dostluğa, birliyə çağırır. İslam dini bu baxımdan yaxşı nümunə ortaya qoya bilir. Dini olduğu kimi insanlara çatdırmaq dindən sui-istifadə hallarının qarşısını almaqda ən önəmli vasitədir. Azərbaycan mediasında dini mövzunun təbliği istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndiririk".
Mətbuat Şurası sədrinin müavini, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Mediada dini mövzularda manipulyasiyalar” mövzusunda təqdimatla çıxış edib.
Tədbir mövzu ətrafında çıxışlarla davam edib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirilmiş yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
Müsabiqədə qalib gələn mətbuat nümayəndələri arasında "Report" İnformasiya Agentliyinin əməkdaşları da var. Belə ki, Agentliyin əməkdaşı Samirə Abdullayeva 3-cü yerə, "Report"un digər əməkdaşları Mirmahmud Kazımoğlu (Mahmudov) və Sayad Həsənli həvəsləndirici mükafata layiq görülüblər.