"MEDİA çox məqbul şərtlər irəli sürüb" - RƏY

"MEDİA çox məqbul şərtlər irəli sürüb" - RƏY Ekspertlər hesab edirLƏR ki, yeni müsabiqə qəzetlər, habelə xəbər saytları arasında sağlam rəqabət mühiti yaradacaq
Media
537
2 İyun , 2021 13:27
MEDİA çox məqbul şərtlər irəli sürüb - RƏY

Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediasına dəstək və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihələri elan edib. Müsabiqələrdən birinə ictimai-siyasi qəzetlər, digərinə isə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər.

Ekspertlər hesab edirlər ki, yeni müsabiqə qəzetlər, habelə xəbər saytları arasında sağlam rəqabət mühiti yaradacaq. Həmçinin çap mediasının onlayn mediaya inteqrasiyasına təkan verəcək və media subyektlərində əmək fəaliyyətini gücləndirəcək.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Report”a açıqlamasında bildirib ki, həm Medianın İnkişafı Agentliyinin yaranması və media haqqında qanun layihəsinin hazırlanması məsələsi bu mövzuya diqqəti artırıb:

“Bilirik ki, informasiya texnologiyaları inkişaf edib, öz formasını dəyişib. Artıq media klassik variantından daha dinamik variantlara keçir. Bunlara veb-saytlar, müxtəli audio-vizual medialar, sosial şəbəkə və yutub kanallarını misal gətirə bilərik. Buna görə də mediaya nəyin aid olması, kimin jurnalist sayılması məsələsi də gündəmdədir. Bütün bu işlər ətrafında da MEDİA dinamik və fəal işləyir. Həm də bu çox çətin məsələdir ki, kimsə narazı qalmasın. Özünü jurnalist adlandıranlar bu prosesdən kənarda qalanda hansısa qalmaqal, qeyri-obyektivlik yaranmasın”.

 Rəşad Məcid
Rəşad Məcid

Rəşad Məcid hesab edir ki, elan olunan yeni şərtlər keçid mərhələsi üçün vacibdir:

“Vaxtı ilə KİVDF klassik çap mediasının sıradan çıxmaması üçün yaradılmışdı. 10 ildən artıq müddətdə ölkədə yazılı mətbuatın yaşaması məhz bu fondun hesabına olmuşdu. İndi yeni şərtlərdə əsas məsələ klassik medianı, çap mediasını saxlamaq, qorumaq və onlara dəstək olmaq məsələsidir. Bununla da artıq həftəlik və gündəlik qəzetlərə maliyyə ayrılacaq. Mən bunu da məqbul sayıram. Hesab edirəm ki, veb-saytlara, onlayn mediaya keçid mərhələsində qəzetlər artıq həftəliyə keçib, daha sonra elektron variantlarını gücləndirməlidirlər. Qəzetlərin veb-saytlarına ayrıca maliyyə ayrılması da gələcəkdə qəzetlərin diqqətini məhz bu versiyalara üstünlük verməyə yönəldəcək. Eyni zamanda, veb-saytların yenilənməsi üçün də maliyyə ayrılır ki, bu da yenilikdi".

Baş redaktor qeyd edib ki, ilkin dövr üçün çox məqbul şərtlər irəli sürülüb:

"Çünki media adına, veb-sayt adına iddia edən həddindən artıq çox şəxslər və qurumlar var. Buna görə də ilkin şərt kimi ən az 3 nəfər işçisi olan və normal hüquqi qaydalarda qeydiyyatdan keçən saytlara və gündə minimum 20 xəbər yayan saytlara üstünlük verilib. Bu da məqbul variantdır. Bizdə hazırda inkişaf etmiş veb-saytlar var. Güman ki , onlar bu dəstəyə ehtiyac da duymurlar. Amma başqa medialar var ki, 3 min manat onların irəli getməsinə və inkişaf etməsinə kifayət qədər stimul olacaq. Bu baxımdan mətbuatın gələcək inkişafı üçün təklif olunan şərtləri uyğun hesab edirəm. Düşünürəm ki, zaman keçdikcə, texnologiylar inkişaf etdikcə bu şərtlərdə də dəyişikliklər baş verəcək”.

Son xəbərlər

Orphus sistemi