Dilimizdəki xəlqiləşməni kənara qoyub dövrün tələbi ilə ayaqlaşmaq lazımdır, texnologiya bununla uzlaşmır.
“Report” xəbər verir ki, bu barədə şair, yazıçı, publisist Aqşin Yenisey Report Media Məktəbinin tələbələri ilə görüşündə deyib.
“Dilimizə mühafizəkar yanaşmanı kənara qoymaq lazımdır. Dilin daşıyıcısı olan insan müxtəlif əsərləri oxuyub, onlardan bəhrələnməlidir. Dünya təcrübəsində də bu belədir”, - o bildirib.
A.Yenisey Azərbaycanın müasir ədəbi mühitində fikir çatışmazlığı məsələsinə də toxunub: “Son iki ayda 260 kiçik hekayə oxumuşam. Say olaraq böyük görünə bilər, lakin ümumi cəhət olaraq hamısı eyni üslubda yazılıb. Keçmişimizi bizə zəncirləyən, bizi təkamüldən uzaq tutan təkrarlıq əsas maneə törədən ünsürdür”.
Yazıçı digər dillərin təsirindən də danışıb:
“Ötən əsrlərin tələbinə uyğun olaraq elmi mənbələr ərəb və fars dilində olub. Sonra ərəb dilini ədəbiyyatdan, yazılı mənbələrdən çıxarmaqla elmi anlayışları da özümüzdən uzaqlaşdırdıq. Onları folklor dili ilə əvəzləmişik. Folklorla doldurulmuş dildən danışarkən onun ideallığından bəhs etmək də qeyri-mümkündür. Yeniliklər dilimizlə düz mütənasib olmalıdır. Dil və texnologiya bir-biri ilə ayaqlaşmalı, harmoniya təşkil etməlidir”.
Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. 2000-ci ildən şair, yazıçı, publisist kimi fəaliyyət göstərir. “Unutmaq sözünün şəkli”, “Sizin eradan əvvəl”, “Yüz qırx yeddi dənə sən”, “Məbədin sükutu”, “Hərflərin vahiməsi”, “Tarix və tale” kimi əsərlərin müəllifidir.