Jurnalistika sadəcə peşə yox, həyat tərzidir.
"Report" xəbər verir ki, bu barədə Media.az informasiya portalının direktoru-baş redaktoru Cəmilə Ələkbərova Report Media Məktəbinin tələbələri ilə görüşündə deyib.
C.Ələkbərova qeyd edib ki, jurnalistika cəmiyyətin inkişafı və dəyişməsi üçün böyük imkanlar yaradır.
“Əgər kimsə jurnalistikaya həvəs olmadan gəlibsə, o, sadəcə burada davam gətirməyəcək. Nəyəsə ümid edərək dayanmadan çalışmaq çox çətindir. Bu işi tərif xətrinə yox, cəmiyyətə fayda vermək üçün gördüyünü bilməlisən”, - jurnalist deyib.
Direktor feyk xəbər mövzusuna da toxunub.
“Azərbaycanda bu məsələ asan həll olunur. İnformasiya yerli hadisələrlə bağlıdırsa, müvafiq orqana müraciət edilir. Xarici ölkələrin xəbərində mənbəni göstərmək və dəqiqləşdirilmənin davam etdiyini bildirmək yetərlidir”, - C.Ələkbərova bildirib.
Cəmilə Ələkbərova 2012-ci ildə Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsini fərqlənmə ilə bitirib. 2018-ci ilə qədər “Exo” qəzetində jurnalist, baş müxbir və siyasi icmalçı kimi çalışıb. 2018-ci ildə Media.az-da jurnalist kimi fəaliyyətə başlayıb. 2022-2023-cü illərdə həmin saytın baş redaktoru vəzifəsində çalışıb. 2024-cü il yanvarın 7-dən Media.az saytının direktoru-baş redaktorudur.
2020-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.