“Konflikt Jurnalistikası Məktəbi”nin poliqon təlimi yekunlaşıb

“Konflikt Jurnalistikası Məktəbi”nin poliqon təlimi yekunlaşıb "Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri” layihəsinin ikinci mərhələsi çərçivəsində hərbi hissələrdə və poliqonlarda keçirilən təlimlər başa çatıb.
Media
12 İyul , 2022 17:36
“Konflikt Jurnalistikası Məktəbi”nin poliqon təlimi yekunlaşıb

"Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri” layihəsinin ikinci mərhələsi çərçivəsində hərbi hissələrdə və poliqonlarda keçirilən təlimlər başa çatıb.

“Report” xəbər verir ki, "Dinc Dünya" Araşdırma Mərkəzi”nin təsis etdiyi "Konflikt jurnalistikası məktəbi"nin rəhbəri Əlisafa Mehdi təlimə qoşulan jurnalistlərin ekstremal şəraitdə təcrübə keçdiyini qeyd edib:

“Təlim proqramını uğurla başa vurmaq üçün jurnalistdən fiziki və psixoloji möhkəmlik tələb edilir. Ekstremal dönəmdə düzgün qərar qəbul etmək, döyüş səhnəsindən informasiya toplama zamanı sağ qalmaq, redaksiyaya zamanında məlumat ötürmək üçün jurnalist hərbçi qədər hazırlıqlı olmalıdır. Təhlükəli və münaqişəli zonada çalışan media nümayəndəsi anındaca riskləri dəyərləndirməli, redaksiyaya sağ qayıtmağı bacarmalıdır”.

Ə.Mehdi təlim boyu çətin situasiyalarla üzləşdiyini etiraf edib:

“Fiziki, psixoloji, nizam-intizam cəhətdən problemi olan bir neçə iştirakçı təlimi başa vura bilməyib. İlkin nəzərdə tutulan 28 nəfərdən poliqon təlimini 22 jurnalist uğurla bitirib. Onları hələ qarşıda ciddi imtahan da gözləyir. Bu jurnalistlərə toplanan balların nəticəsinə görə diplom və ya sertifikat veriləcək”.

"Konflikt jurnalistikası məktəbi"ni (KJM) 2003-cü ildə “Dinc Dünya” Araşdırma Mərkəzi yaradıb. KJM davamlı olaraq ölkədə ekstremal jurnalistika təlimlərini reallaşdırır. 2015-ci ildən layihə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə Silahlı Qüvvələrin bazasında keçirilir. Tədris dövründə jurnalistlər həm auditoriya, həm poliqon təlimlərində iştirak edir, ekstremal vəziyyətdə davranış qaydalarını mənimsəyirlər.

Təlim proqramı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin digər tərəfdaşı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsidir.

KJM təlimlərinin 1-ci mərhələsinə aprelin 23-də start verilib. Auditoriya təlimləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilib. Poliqon təlimi olan 2-ci mərhələsi iyulun 2-dən başlayaraq 10 gün müddətində Azərbaycan Ordusunun hərbi hissələrində və poliqonlarında ekstremal vəziyyətə yaxın səhnələşdirilmiş şəraitdə reallaşıb.

Yaxın günlərdə layihənin üçüncü mərhələsinə start veriləcək.

Son xəbərlər

Orphus sistemi