“İndi hamı geosiyasətdən danışır”.
"Report" xəbər verir ki, bu sözləri politoloq İlqar Vəlizadə Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.
Geosiyasətin incəliklərindən danışan İ.Vəlizadə qeyd edib ki, geosiyasət politologiya və coğrafiya kimi fundamental elmlərdən qaynaqlanır.
Onun sözlərinə görə, adətən politoloqlar dünyanın mənzərəsini müəyyən siyasi dairələrə uyğun olan tərzdə yaratsalar da, məlumatsız insanlar belə mənzərəni reallıq kimi qəbul edirlər.
“Obyektiv məlumat əldə etmək üçün müxtəlif ekspertlərlə ünsiyyət qurmaq və eksklüziv mənbələrə malik olmaq lazımdır”, - deyə politoloq vurğulayıb.
O əlavə edib ki, qüdrətli dünya ölkələri öz geosiyasi konsepsiyalarını və doktrinalarını yaradır, doktrinyorlar isə onların ideyalarını təbliğ edirlər.
"Hər bir ölkə özünü başqasının doktrinasında tapmağa çalışır. Müxtəlif doktrinalar media vasitəsilə təbliğ olunur. Qərb ölkələri bütün kütləvi informasiyanın tonunu təyin edir və biz media vasitəsilə xaricdən təlqin edilənlərin bir hissəsinə çevrilirik", - deyə Vəlizadə jurnalistləri diqqətli olmağa çağırıb.
Qeyd edək ki, azərbaycanlı politoloq və publisist İlqar Vəlizadə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini iqtisadi və sosial coğrafiya ixtisası üzrə bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Onun ilk məqaləsi 1993-cü ildə, Azərbaycandan kənarda isə ilk yazıları 1999-cu ildə dərc olunub. İ.Vəlizadənin məqalələrinin əsas mövzuları regional siyasət, etnokonfliktologiya, geoiqtisadiyyatdır. 2015-ci ildən "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzinin rəhbəri vəzifəsində çalışır.