"Haber Global": AZAL-ın təyyarəsinin GPS sisteminin sıradan çıxarılması şübhəli məqamdır

"Haber Global": AZAL-ın təyyarəsinin GPS sisteminin sıradan çıxarılması şübhəli məqamdır Təyyarə qəzası ilə bağlı hələ cavabını gözləyən suallar var.
Media
27 Dekabr , 2024 22:38
Haber Global: AZAL-ın təyyarəsinin GPS sisteminin sıradan çıxarılması şübhəli məqamdır

Təyyarə qəzası ilə bağlı hələ cavabını gözləyən suallar var.

“Report” xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziyasının efirində bu kanalın Xarici xəbərlər departamentinin müdiri Süheyla Demir deyib.

O, bildirib ki, əsas müəmmalı məqamlardan biri Ukraynanın PUA hücumlarına baxmayaraq, Çeçenistanın niyə hava sahəsini bağlamaması ilə bağlıdır: “Bu, laqeydliyin təzahürüdür. İkinci tərəfdən, Çeçenistan bu ay ərzində bir neçə dəfə Ukraynanın dron hücumuna məruz qalıb. Hər dəfə hücumlarla bağlı rəsmi açıqlama verilib. Bu dəfə isə məsələyə sanki heç nə olmamış kimi yanaşıldı. Həmçinin nə Çeçenistan, nə də Rusiya təyyarənin Rusiya ərazisindəki aeroportlara enməsinə icazə verib. Bəlkə də, nəqliyyat vasitəsinin Xəzər dənizinə düşməsinə zəmin hazırlanırdı”.

S.Demirin sözlərinə görə, təyyarənin GPS sisteminin sıradan çıxarılması müəmmalı və şübhəli məqamdır: “Qəzadan sonra Rusiya tərəfi təyyarənin quş dəstəsi ilə toqquşması barədə məlumat yaydı. Amma təyyarədə qan izləri yox idi. Ola bilsin, Rusiya fikri yayındırmağa çalışıb. İndi əsas sual Azərbaycandan üzr istənilib – istənilməməsidir. Rusiyanın üzr istəməsi və hadisəni törədənlərin cəzalandırılması vacibdir. Görünən odur ki, indiki məqamda Rusiyaya səfər etmək təhlükəlidir”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi