Fəridə Aslanova: “Mətbuat katibi kimi tamaşaların hamısına baxmışam”

Fəridə Aslanova: “Mətbuat katibi kimi tamaşaların hamısına baxmışam” Report Media Məktəbinin tələbələri ilə görüşə gələn Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova teatrın onun həyatında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Media
28 Noyabr , 2022 17:15
Fəridə Aslanova: “Mətbuat katibi kimi tamaşaların hamısına baxmışam”
Fəridə Aslanova

Report Media Məktəbinin tələbələri ilə görüşə gələn Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova teatrın onun həyatında əhəmiyyətli rol oynadığını vurğulayıb.

“Teatrımızda bir çox tamaşa nümayiş olunur. Mətbuat katibi kimi, demək olar, tamaşaların hamısına baxmışam. Hətta bir tamaşaya 4-5 dəfə baxdığım da olub”, - F.Aslanova bildirib.

“Report” xəbər verir ki, F.Aslanova tələbələrə mətbuat katibinin iş prinsiplərindən də danışıb:

“İşimdə çox ciddi biriyəm, diqqətciləm. İşə gəldiyim zaman öncə rəhbərliyin tapşırıqlarını nəzərdən keçirirəm. Premyera olanda, xüsusi məlumat hazırlayıb paylaşıram. Sosial şəbəkələrdə tamaşaçılarla daim əlaqədəyəm. Onların arzu və istəkləri mənim üçün önəmlidir. Mən press-reliz tərtib edərkən, diqqətli olmağa çalışıram. Gərək heç bir səhvə yol verilməsin”.

Mətbuat katibi teatrda tamaşaçı auditoriyasının çox geniş olduğunu vurğulayıb. Onun sözlərinə görə, onların arasında şagird, tələbə və müəllimlər çoxdur.

“Biz bir sıra layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları da dəvət edirik. Ümumiyyətlə gənclərin teatra marağı böyükdür, tamaşalara həvəslə gəlirlər”, - o bildirib.

F.Aslanova görüşdə tələbələrin suallarını cavablandırıb və onları teatra tamaşalara baxmağa dəvət edib.

Fəridə Aslanova 1981-ci ildə Beyləqan rayonunun I Şahsevən kəndində anadan olub. 1998-2002-ci illərdə Bakı Qızlar Universitetinin Jurnalistika fakültəsini bitirib.

İlk iş yeri Xalq yazıçısı Maqsud İbrahimbəyovun təsisçiliyi ilə işıq üzü görən "Naxçıvan" jurnalı olub, bundan əlavə, bir çox dövrü mətbuatda yazıları yer alıb.

Bir müddət Zaqatala rayonunun Car kənd Mədəniyyət Evində bədii rəhbər, Zaqatala şəhər Mədəniyyət Mərkəzində mədəni təşkilatçı kimi işləyib. Zaqatala Xalq Teatrının kollektivi ilə sıx əməkdaşlıq edərək teatrın təbliğatına çalışıb, ümumrayon tədbirlərində, eyni zamanda sevimli hobbisi olan əl işləri ilə fərdi və ölkəmizdə keçirilən beynəlxalq sərgilərdə fəal iştirak edib.

2018-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibidir. Teatrın "Ən işgüzar işçisi" və "Ən fədakar işçisi" nominasiyalarında mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi