Milli Məclisin deputatı Könül Nurullayeva Misirin nüfuzlu “Aldiplomasy.com” portalında Ermənistanın müsəlman dünyasına qarşı cinayətini əks etdirən
Məqalədə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən növbəti dəfə diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldərək, tarixi-dini abidələrimizin dağıdılması və təhqir edilməsini vurğulayıb. Azərbaycan dövlət başçısı haqlı olaraq bunu yalnız bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayət kimi qiymətləndirib. Qeyd olunur ki, 1994-cü ilin qiymətləndirilmə sənədləri əsasında aparılan təxmini hesablamaların nəticəsinə görə respublikamıza dəymiş ümumi zərərin məbləği 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ dolları təşkil edir.
Məqalədə həmçinin vurğulanır ki, işğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi bu gün də davam edir və bu, beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır: “Azərbaycan xalqının mədəni irsi dünya mədəniyyətinin tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Bu, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, bütövlükdə müsəlman dünyasına qarşı törədilən cinayətdir.
Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verən ölkə kimi İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman səylərini davam etdirməyə hazırdır. Bu mənada İslam dünyası Ermənistanın uzun illərdən bəri davam edən işğalçılıq siyasəti və Azərbaycanın milli-mədəni irsinin, İslam mədəniyyətinə aid dini abidələrin dağıdılması ilə bağlı qətiyyət sərgiləməlidir. Birmənalı şəkildə unutmaq olmaz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də söylədiyi kimi- məscidləri dağıdan, orda heyvan saxlayaraq bu dəyərləri təhqir edən ölkə əsla müsəlman ölkələrinin dostu ola bilməz.”