Bakı. 8 fevral. REPORT.AZ/ Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili "Report" agentliyində olub.
Səfir əvvəlcə agentliyin şöbələrinə baş çəkərək onun iş fəaliyyəti ilə tanış olub.
Sonra agentliyin baş redaktoru Murad Əliyev Əfqanıstanın ölkəmizdəki səfirinə agentliyin yaranma tarixi və onun fəaliyyət prinsipləri haqqında məlumat verib. M.Əliyev agentliyin ölkədəki beynəlxalq diplomatik missiyalarla sıx əməkdaşlıq etdiyini bildirib. O, həmçinin agentliyin Əfqanıstan səfirliyi ilə əməkdaşlıq etməyə, iki ölkə arasındakı münasibətlərlə bağlı məqalələr dərc etməyə hazır olduğunu vurğulayıb.
Öz növbəsində, səfir M.T.Xəlili cəmiyyətin həyat tərzinin müxtəlif aspektləri, eləcə də Azərbaycan və Əfqanıstan arasındakı ikitərəfli əməkdaşlıq haqqında oxuculara ətraflı məlumat verməyin zəruriliyini qeyd edib. O, Əfqanıstanda son illərdə medianın inkişaf etdiyini də vurğulayıb, hazırda Əfqanıstanda 45 özəl televiziya kanalının fəaliyyət göstərdiyini söyləyib.
M.T.Xəlili "Report" agentliyinə uğurlar arzulayıb.