Bakı. 23 dekabr. REPORT.AZ/ Bu il öz vəzifə borcunu yerinə yetirərkən 60 jurnalist həlak olub. "Report" xəbər verir ki, bu barədə "Jurnalistlərin Müdafiəsi Komitəsi" beynəlxalq qeyri-hökumət təşkilatının (CPJ) yaydığı illik hesabatında bildirilir.
Təşkilat əməkdaşları həmçinin daha 18 jurnalistin ölümünü tədqiq edirlər.
"Bu il ölənlər arasında çox sayda beynəlxalq jurnalistlər var. Jurnalistlər üçün ən təhlükəli ölkə məhz Suriyadır. 2014-cü ildə burada 17 jurnalist həlak olub", - CPJ-nin hesabatında qeyd olunur.
Eyni zamanda təşkilat İraq, Filippin, Somali, İsrail, Əfqanıstan, Pakistan və Paraqvayı da mətbuat nümayəndələri üçün təhlükəli ölkələr hesab edib.
"2014-cü ildə öldürülən jurnalistlərin 40 faizdən çoxu sifarişli qətllərin qurbanları olub. Bundan əlavə, 31 faizə yaxın jurnalist ölümlərindən əvvəl ünvanlarına daxil olan hədələr barədə xəbərdarlıq edib", - hesabatda deyilir.
Hesabatda vurğulanır ki, 2014-cü ildə öldürülən jurnalistlərin təxminən 68 faizi siyasət mövzuları işıqlandırıb, Bundan sonrakı yerlərdə müharibə (60%) və insan hüquqları (55%) mövzularını işıqlandırdığına görə öldürülən jurnalistlər gəlir.
Qeyd edək ki, CPJ-nin hesabatlarına əsasən, 2013-cü ildə 70-dək, 2012-ci ildə 74, 2011-ci ildə isə 47 nəfər jurnalist öldürülüb.