Jurnalistika mühiti “qaynar qazan”a bənzəyir, hər kəs bir-biri ilə əməkdaşlıq etməyi bacarmalıdır.
“Report”xəbər verir ki, bu barədə Baku.ws saytının baş redaktoru Azad Əliyev Report Media Məktəbinin tələbələri ilə görüşdə bildirib.
“Jurnalist harmoniya şəraitində çalışmalıdır. Komanda ilə birgə aparılan fəaliyyət kollektivdə işin səmərəliyinə müsbət təsir göstərir. “Qaynar” xəbərlə işləmək, “qazan” mühitində birgə əməkdaşlıq etmək materialı möhtəşəm hala gətirməyə kömək edir”, - baş redaktor bildirib.
Azad Əliyevin dediyinə görə, xəbərin keyfiyyəti ilə yanaşı jurnalistin məharəti də öz sözünü deyir.
“Jurnalistin həmçinin müşahidə qabiliyyəti də böyük rol oynayır. Redaktor tapşırığı ilə sizi istiqamətləndirir. Amma hadisəyə siz öz gözünüz ilə baxırsınız, redaktorun yox. Jurnalist vacib məqamları özü görməlidir. Bu, jurnalistə hadisəni ən tez və etibarlı formada əks etdirməyə imkan verir”, - o vurğulayıb.
Baş redaktor informasiya saytının iş prinsipi haqqında öz təcrübəsini tələbələrlə bölüşüb:
“İlk dönəmdə Baku.ws xəbər mənbəyi kimi tanınmırdı. Birinci addımımız eksklüziv xəbər istehsalını gücləndirmək oldu. Bir müddət sonra digər saytlar bizə istinadən xəbər paylaşmağa başladılar. Oxucu kütləsi xeyli artdı. Sosial şəbəkələrin də köməyi az olmadı. Nəticədə insanlar saytımızı ciddi xəbər portalı kimi qəbul etdilər”.
Qeyd edək ki, Azad Əliyev 1982-ci ildə Ucar rayonunda anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin nəşriyyat işi və redaktə fakültəsini bitirib. 2000-ci ildən jurnalistika fəaliyyətinə başlayan Azad Əliyev bir müddət “Həftə” qəzetində müxbir kimi çalışıb. 2009-cu ildən ”ANS Press” saytında əvvəlcə müxbir, sonra baş redaktor kimi fəaliyyət göstərib. 2015-ci ildən Baku.ws saytının baş redaktoru vəzifəsini icra edir.