Bakıda Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası keçirilib - YENİLƏNİB

Bakıda Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası keçirilib - YENİLƏNİB Toplantıda işçi qrupun üzvləri iştirak edirlər
Media
9 Aprel , 2021 10:45
Bakıda Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası keçirilib - YENİLƏNİB

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına hazırlıq məqsədi ilə işçi qrupun 8-ci iclası keçirilib.

“Report”un xəbərinə görə, toplantı çərçivəsində digər məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunub.

İclasa sədrlik edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov öncə Azərbaycanı Vətən müharibəsindəki qələbə münasibəti ilə təbrik edib. O bildirib ki, Türk Şurası türkdilli ölkələr arasında media sahəsində münasibətlərin inkişafının tərəfdarıdır.

Daha sonra çıxış edən Türkiyə Prezident Administrasiyasının departament rəhbəri Ömər Faruk Tanrıverdi Azərbaycanı Vətən müharibəsində qazandığı zəfər münasibəti ilə təbrik edib. O bu il bir sıra Türkdilli ölkələrin müstəqilliyinin 30 illiyinin tamam olması ilə bağlı media forumunun keçirilməsini təklif edib.

Azərbaycan tərəfdən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Murad Hüseynov isə çıxışı zamanı türk xalqlarının mədəniyyəti, tarixi və ənənələrinin təbliği üçün Ortaq Türk Evi proqramının yayımını təklif edib.

Tədbir türkdilli ölkələrin İşçi qrupundakı nümayəndələrinin çıxışları ilə davam edib.

10:11

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına hazırlıq məqsədi ilə işçi qrupun 8-ci iclası keçirilir.

“Report”un xəbərinə görə, toplantıda işçi qrupun üzvləri iştirak edirlər.

Toplantı çərçivəsində digər məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunacaq.

Sabah isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı baş tutacaq. İclasda Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf nazirinin müavini Asxat Oralov, Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak edəcəklər.

Aprelin 11-də isə nümayəndə heyətləri Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə və Gəncə şəhərinə səfər edəcəklər.

Son xəbərlər

Orphus sistemi