Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılış olub

Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılış olub Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun barelyefinin və xatirə lövhəsinin açılış mərasimi olub.
Media
293
1 May , 2022 13:05
Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılış olub

Mayın 1-də Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsində şəhid jurnalist Məhərrəm Əli oğlu İbrahimovun yaşadığı evdə xatirə lövhəsinin açılışı olub.

“Report” xəbər verir ki, açılış mərasimində media nümayəndələri, AZƏRTAC-ın əməkdaşları, şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Şəhid jurnalistin qardaşı Əsgər İbrahimov mərasimdə çıxış edərək vurğulayıb ki, xatirə lövhəsinin açılışı Məhərrəmin doğum gününə təsadüf edir. Məhərrəm həmişə işğal altındakı torpaqlarımızın azad edilməsini, doğma kəndimizi görməyi arzulayırdı. Tale elə gətirdi ki, Məhərrəm doğulduğu Ardanış kəndindən cəmi 50 kilometr məsafədə yerləşən Kəlbəcər rayonunun Susuzluq kəndində şəhidlik zirvəsinə ucaldı. Biz Məhərrəmlə, eləcə də bütün şəhidlərimizlə qürur duyuruq: “Şəhidlik elə bir yüksək məqamdır ki, hər adama nəsib olmur. Qardaşımın 40-cı yaş gününü onun yoxluğu ilə qeyd edirik. Məhərrəmdən bizə yadigar iki oğul övladı qalıb. İnanıram ki, onlar da gələcəkdə Vətənə layiqli övlad olacaqlar”.

Ə.İbrahimov onu da vurğulayıb ki, gələcəkdə Binəqədi rayonundakı şəhid jurnalist Məhərrəm İbrahimov adına olan küçədə şəhidin xatirəsinə bulaq istifadə veriləcək. Həmçinin, şəhid jurnalistin adına kitab təqdimatı da nəzərdə tutulub.

O, Məhərrəmin xatirəsinə göstərilən yüksək ehtirama görə minnətdarlığını bildirib.

AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini, şəhid atası Dağbəyi İsmayılov Məhərrəmin qələmi ilə tarix yazdığını, kollektivin böyük hörmətini qazandığını, xatirəsinin hər zaman uca tutulduğunu vurğulayıb. D.İsmayılov bildirib ki, Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Qələbənin qazanılmasına yumruq kimi birləşən xalqımızın sağlam düşüncəli hər bir nümayəndəsi öz töhfəsini verib.

AZƏRTAC-ın kollektivi də Vətən müharibəsinin ilk günlərindən rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsini, döyüş meydanında əldə etdiyi misilsiz uğurları barədə xəbərləri xalqımıza və dünyaya çatdırmaq üçün gecə-gündüz yorulmadan çalışıb. Agentliyin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları düşmən atəşi altında çoxsaylı çəkilişlər aparıblar. Müharibə başa çatdıqdan sonra azad edilmiş torpaqlarda aylarla çalışan çəkiliş qrupunun üzvləri erməni vandalizminin, viran edilmiş yurd yerlərinin görüntülərini lentə alaraq arxivləşdiriblər. Onlardan biri də xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş Məhərrəm İbrahimovdur.

Bildirilib ki, Məhərrəm İbrahimov AZƏRTAC-da çalışdığı müddətdə ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələr, ən isti, operativ xəbərlər onun təqdimatında işıqlandırılıb və hərbi jurnalist kimi ixtisaslaşıb. AZƏRTAC-da dəfələrlə ilin ən yaxşı əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub. Uzun müddət cəbhəboyu zonada ezamiyyətlərdə olub, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edib, Aprel, Tovuz döyüşlərində, Vətən müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid jurnalist Məhərrəm İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Məhərrəm İbrahimovun adı verilib. AZƏRTAC-ın binasında Məhərrəmin xatirə guşəsi yaradılıb, işğaldan azad olunan ərazilərdə erməni vandalizmini salnamələşdirən həmkarlarımızdan bəhs edən fotostend quraşdırılıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və şöbə müdiri Şəmsəddin Manafov çıxışlarında bildiriblər ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində dəmir yumruq kimi birləşərək düşmənin başını əzdi və ərazi bütövlüyünü bərpa etdi. Ölkəmizin dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəmanların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Çıxışlarda şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həllinin dövlətimizin diqqət mərkəzində olduğu xüsusi qeyd edilib.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli çıxışında Azərbaycan jurnalistlərinin Vətən müharibəsindən üzüağ çıxdıqlarını bildirib. O, beynəlxalq media subyektlərinin azərbaycanlı jurnalistlərin Ermənistanın müharibə cinayətlərinin qurbanı olmasını lazımı səviyyədə işıqlandırmadıqlarını təəssüflə qeyd edib. N.Məmmədli ötən il sentyabrın 27-də başlayan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin əziz xatirəsinin heç vaxt unudulmayacağını vurğulayıb.

Media nümayəndələri adından şəhidin dostu və həmkarı, “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə çıxış edib. O, şəhid jurnalistin peşəkarlığından, vətənpərvərliyindən və insani keyfiyyətlərindən danışıb.

İ.Əlizadə söyləyib ki, artıq bir ilə yaxındır Məhərrəm aramızda yoxdur, amma bu cismani ayrılıqdır: “Biz onu bir an da olsun unutmamışıq və unutmayacağıq. Lakin bunu edən təkcə Məhərrəmin dostları və doğmaları deyil. Bu gün bütün Azərbaycan xalqı şəhid jurnalistin xatirəsini əziz tutur, adını yaşadır. Bu gün bütün Azərbaycan xalq Məhərrəmin dostudur”.

İ.Əlizadə vurğulayıb ki, M.İbrahimov əsl peşəkar jurnalist idi, öz peşəsini ürəkdən sevirdi və bu, onun insani keyfiyyətlərini tamamlayırdı: “Bəzən hansısa bir sahənin çox yaxşı mütəxəssisi insani keyfiyyətlərdən məhrum olur. Çox az sayda insan var ki, onun yüksək insani keyfiyyətlərini, peşəkarlığını insani keyfiyyətləri tamamlayır, bunlar arasında heç bir ziddiyət, paradoks olmur. Məhz Məhərrəm də belə insan, ali dəyərlərlə malik şəxsiyyət idi”.

O qeyd edib ki, torpaqlarımız işğal altında olduğu dövrdə, elə bir görüş olmurdu Məhərərm bu məsələyə toxunmasın: “Məhərrəmin ən böyük arzusu torpaqlarımızı azad görmək idi. 2020-ci ilin sentybarın 27-də İkinci Qarabağ müharibəsi başlayan kimi Məhərrəm əməli ilə böyük vətənpərvər olduğunu sübut etdi”.

Şəhid Məhərrəm İbrahimovun müəllimi Sahib Əhmədov qəhrəman Vətən oğullarının şücaəti dən söz açaraq deyib ki,  Məhərrəm uşaqlıqdan Vətəninə, dövlətinə, xalqına bağlı olub. Onun daxili mədəniyyəti peşə mədəniyyətinə də sirayət etmişdi. O öz qələmini süngüyə çevirərək tarixi düşmənimiz qarşı mübarizəsini davam etdirib, erməni işğalçılarının törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinə çatdırması işində fədakarlıq göstərmişdir. Məhərrəm cəsurluğu ilə “qorxaq jurnalistika” ya son qoydu və 2-ci Qarabağ savaşında, informasiya müharibəsində “gizli qəhrəman”a çevrildi.

Azərbaycanın keçmiş Ombudsman Elmira Süleymanova erməni vandallarının törətdiyi vəhşiliklərin qeydə alınması, arxivləşdirilməsi işində erməni terrorunun qurbanı olan Məhərrəmin fəaliyyətini təqdir edərək, həm media işçiləri, həm də gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb. O, dövlət və Prezident tərəfindən atılan addımların Qarabağ zəfərində şəhid olan, qazi olan vətəndaşların sosial durumuna yönəldiyini söyləyib, şəhid ailələrinə qayğının daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetin YAP ərazi təşkilatının sədri Sultanəli Qurbanov, Azərbaycan Tibb Universitetinin müəllimi, həkim Şirazi İbrahimov, Binəqədi rayon Məhımməd Əmin Rəsulzadə qəsəbəsinin bələdiyyə sədri Hümbət Kərimov, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova da xatirələrini bölüşüblər.

Onlar Məhərrəmin yüksək insani keyfiyyətlərindən, vətənpərvərliyindən və peşəkar jurnalist fəaliyyətindən söz açıblar.

Çıxış edənlər şəhid jurnalist M.İbrahimovun keçdiyi həyat yolundan, 44 günlük müharəbədən, Ali Baş Komandanın ətrafında sıx birləşərək düşmən üzərindəki qələbədən, şəhidlik zirvəsinin gənclərimizin həyatındakı rolundan danışıb, mərd mübarizələrin heç vaxt unudulmamasından söz açıblar.

Nitqlərdə Məhərrəm İbrahimovun peşəkar və cəsarətli jurnalist kimi yaddaşlarda əbədi qalacağı vurğulanıb.

Sonra şəhid jurnalistin xatirə lövhəsinin açılışı olub. Xatirə lövhəsinin qarşısına şəhidin oğulları Uğur və Toğrulun adından əklil qoyulub. Tədbir iştirakçıları xatirə lövhəsinin qarşısına gül dəstələri düzüblər.

Xatırladaq ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “Kamaz” markalı sərnişin avtomobilinin ötən il iyunun 4-də saat 11 radələrində rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Onların xidmətləri dövlətimizin başçısı İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi