Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?" mövzusunda plenar sessiya baş tutub.
"Report" xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət departamentinin rəhbəri Luçin Razoui VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sosial mediada yaranan mənfi halların aradan qaldırılmasına öz töhfəsini verəcəyini söyləyib.
O, dünyada yaranan problemlərin həlli istiqamətində gördüyü tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Panel çərçivəsində çıxış edən Amerika Dövlətləri Təşkilatının komissarı Fernando Lottenberg müasir dünyada aktiv platformaya çevrilən sosial medianın etik şəkildə fəaliyyət göstərməli olduğunu söyləyib. O bildirib ki, sosial şəbəkələrdə yayılan zərərverici məzmunlar cəmiyyəti laxlada, ekstremizmə güc verə bilər, bu baxımdan nifrət nitqinin yayılmasında sosial şəbəkələr məsuliyyət daşıyır.
İslamabad Strateji Araşdırmalar İnstitutunun direktoru Sahil Məhəmməd isə sosial mediaya nəzarətin gücləndirilməsini təklif edib. O vurğulayıb ki, bəzi ölkələrdə sosial media müsbət siyasi amil rolunu oynayır. S.Məhəmməd onu da əlavə edib ki, gənclər arasında islamofobiyanın yayılması, terrorizm kimi qlobal problemlərin inkişaf etməsi sosial media ilə birbaşa bağlıdır.
Argentinanın müdafiə nazirinin müşaviri, jurnalist Brayan Mayer isə sosial medianın bir çox məlumatlara çıxış üçün yaxşı imkan yaratdığını vurğulayaraq, bu məsələdə diqqətli olmağa çağırış edib. B.Mayer bildirib ki, texnologiya əsrinin verdiyi imkanları sülh və tolerantlıq üçün istifadə etmək lazımdır.
Sosial medianın düzgün istifadəsinə toxunan "Kaliber" analitik xəbər bülleteninin baş analitiki Orxan Amaşov isə bu platformanın Azərbaycan və Ermənistan jurnalistləri arasında qarşılıqlı ünsiyyəti təmin etdiyini söyləyib:
"Azərbaycan ilə Ermənistan arasında müharibə bitdikdən sonra Ermənistan tərəfi sosial medianı mənfi məqsədlər üçün istifadə etdi. İrəvan Qarabağda hər iki millətin sülh içərisində yaşamasını istəmirdi və bunu sosial mediada yayırdı. Ancaq Ermənistan sakinləri Laçın dəhlizi vasitəsilə Qarabağı tərk edəndə azərbaycanlı jurnalistlər onlarla ünsiyyət quraraq erməni tərəfinin təbliğatının həqiqəti əks etdirmədiyini çatdıra bildilər".
Panel müzakirələrlə yekunlaşıb.
Bakıda mayın 1-də işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?" mövzusunda plenar sessiya keçirilir.
"Report" xəbər verir ki, iclasda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Departamentinin rəhbəri Luçin Razoui, Amerika Dövlətləri Təşkilatının komissarı Fernando Lottenberq, Strateji Araşdırmalar İnstitutunun direktoru səfir Sahil Məhəmmədin, Argentina müdafiə nazirinin müşaviri, jumalist Brayan Mayer, "Kaliber" analitik xəbər bülletenin baş analitiki Orxan Amaşov iştirak ediblər.
Panel iştirakçıları sosial medianın gündəlik həyatda istifadəsi, şəbəkələrin informasiya mübadiləsinə təsirləri, sosial media platformalarından səmərəli istifadənin formalaşdırılması imkanlarından bəhs edib, müzakirələr aparıblar.
İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Departamentinin rəhbəri Luçin Razoui qeyd edib ki, sosial media bütün dünyada insanların həyatını asanlaşdırıb, informasiya axınını sürətləndirib:
"Bu, insanların intellektual potensialının yüksəlməsinə səbəb olur. Eyni zamanda sosial media sahəsində mədəni bağlar da möhkəmlənib. Sosial medianın mənfi tərəfi isə dezinformasiyaların asanlıqla yayılmasına, hətta bu səbəbdən addımların, siyasətlərin dəyişməsinə gətirib çıxarmasıdır. Yanlış məlumatların sürətlə yayılması da düşmənçiliyi, mənfi münasibətlərin formalaşmasını artırır. Nəticədə insanların bir-birindən uzaqlaşdığını, həmrəylik prinsipinin pozulduğunu müşahidə edirik".