Report Media Məktəbinin tələbələri ilə görüşə gələn Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli medianın tənzimləmə mexanizmlərindən və jurnalist təşkilatlarının rolundan danışıb.
“Azərbaycanda cəmiyyət-media münasibətlərinin, həmçinin media müstəvisinin tənzimlənməsi üçün özünütənzimləmə modeli tətbiq edilir. Bu, demokratik ölkələrə xas olan modeldir”, – media eksperti bildirib.
“Report” xəbər verir ki, M.Ələsgərli tələbələrə Azərbaycan Mətbuat Şurasının və Audiovizual Şuranın fəaliyyətindən də danışıb:
“Mətbuat Şurası çap və onlayn media müstəvisinin özünütənzimləmə mexanizmidir. Mətbuat Şurası legitim qurumdur. Onun rəhbər heyəti jurnalistlərin qurultayında seçilir. Şuranın idarə heyəti ictimai əsaslarla fəaliyyət göstərir.
Media sahəsində hər hansı pozuntu olarsa, Mətbuat Şurasına müraciət edilir və daxil olan hər bir şikayət peşəkar müstəvidə araşdırılır. Mövzu audiovizual media subyektlərinə aiddirsə, onda Audiovizual Şuraya yönləndirilməsi tövsiyə edilir. Çap və ya onlayn media məsələlərinə isə Mətbuat Şurasının özündə baxılır və rəy verilir”.
M.Ələsgərli milli və beynəlxalq jurnalist təşkilatları, onların strukturu, fəaliyyət istiqaməti və mexanizmləri barədə də danışıb.
“Dünyada beynəlxalq statuslu jurnalist təşkilatının sayı çoxdur. Amma onlardan 8-i daha məşhurdur. Bu təşkilatlar missiyalarına və təmsilçilik dairələrinə görə fərqlənirlər. Onların ümumi fəaliyyəti ilə yanaşı, həm də spesifik missiyaları var ”, - media eksperti bildirib.
Müşfiq Ələsgərli 1973-cü il mart ayının 16-da Cəlilabad rayonunun Əsədli kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2000-ci ildə BDU-nun əyani Aspirantura şöbəsini bitirib. 1998–2001-ci illərdə "Bu gün" qəzetində siyasət şöbəsinin redaktoru, 2002–2003-cü illərdə "Cümhuriyyət" qəzetində araşdırmaçı jurnalist vəzifələrində çalışıb. 2005-ci ildə "Space" TV-də "Nəyi necə?" proqramının redaktoru olub. 2003-cü ildən etibarən paralel şəkildə Jurnalistlərin Həmkarlar İttifaqına (JuHİ) rəhbərlik edir.
Beynəlxalq Jurnalistlər Federasiyasının və Avropa Jurnalistlər Federasiyasının üzvü, Azərbaycan üzrə təmsilçisidir. Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi və Beynəlxalq Mətbuat İnstitutu ilə əməkdaşlıq edir.
Media eksperti statusu var. 40-dan artıq təlimdə, konfrans və seminarda ekspert kimi iştirak edib. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, qurumun Beynəlxalq əlaqələr komissiyasının sədridir.