Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gündən etibarən “ASAN radio” 100 MHz tezliyində test yayıma başlayıb. Bu barədə “Report”a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Məlumata görə, ilkin yayım zamanı radionun əsas fəaliyyət istiqamətlərinə dair dinləyicilərə qısa anonslar vasitəsilə məlumatlar veriləcək. Hazırda yayım əsasən Bakı və Abşeron yarımadasını əhatə edir. Ən qısa zamanda “ASAN radio” ümumrespublika yayımını gerçəkləşdirəcək.
Xatırladaq ki, radio Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
Radionun yaradılmasında əsas məqsəd dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, daha geniş auditoriyaya çıxış əldə edərək düzgün məlumatlandırma və maarifləndirmə işini həyata keçirməkdir. Eyni zamanda, dövlət strukturlarına etimadın gücləndirilməsi əsas məqsədlər sırasındadır.