Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə 27-ci "ZOOM" Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Report”un xəbərinə görə, tədbirdə Azərbaycan və Türkiyə mediasının tanınmış simaları, Türkiyə səfirliyinin müşavirləri, Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədri Aytəkin Polatel, İstanbul Tuzla bələdiyyəsinin sədri Şadi Yazıcı, Audiovizual Şuranın sədri İsmət Səttarov, müsabiqənin qalibləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycan və Türkiyənin himnləri səsləndirilib. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun şücaətindən, Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyindən bəhs edilib.
Daha sonra mükafatlandırma mərasimi başlayıb.
Belə ki, Ukrayna müharibəsi zamanı Çernobıl AES-dəki təhlükə barədə məlumat verən CNN Türk operatoru Buğra Benlioğlu və “Haber Global” TV-nin müxbiri Murat Karataş "Çernobıl" başlıqlı xəbərlə xüsusi xəbər kateqoriyasında mükafata layiq görülüb. Həmçinin Türkiyə və Azərbaycan dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə “Haber Global” televiziyası Türkiyə Xəbər Operatorları Assosiasiyasının xüsusi mükafatı ilə təltif edilib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı “Savaşın izləri” adlı material hazırlamış “Haber Global”ın müxbiri Mehmet Altunışık da mükafata layiq görülüb.
Bundan başqa, ailəsini Hataydakı zəlzələ nəticəsində itirməsinə rəğmən “Ailəm Hatay” başlıqlı reportaj hazırlamış “Haber Global” televiziyasının müxbiri Hasan Uylaş və onun operator yoldaşı münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
“Türkiyə səfiri Kəlbəcərdə namaz qıldı” başlıqlı xəbərə görə “Baku TV”nin əməkdaşı Elgün Hümbətov da xüsusi mükafat alanlar sırasında olub.
Tədbirdə çıxış edən Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədri Aytəkin Polatel bildirib ki, bu müsabiqəni Azərbaycanda keçirərkən sanki öz evimizdə idik: “Bu baxımdan bizə göstərilən qonaqpərvərliyə, yaradılan şəraitə görə hər kəsə təşəkkür edirəm”.
“Müsabiqənin gələn ildən etibarən Azərbaycanla yanaşı, digər türkdilli dövlətlərdə də keçirilməsi planlaşdırılır”, - A.Polatel vurğulayıb.
Qeyd edək ki, Azərbaycandan müsabiqəyə ümumilikdə 30-a yaxın videomaterial təqdim olunub.